- Rektor -

    Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, rektor vəzifəsini icra edən

Eldar Qocayev

Eldar Adıgözəl oğlu Qocayev 1971-ci ildə Bərdə rayonunda anadan olub. 1978-1988-ci illərdə orta məktəbdə təhsil alıb. 1989-1991-ci illərdə ordu sıralarında müddətli hərbi xidmətdə olub.

   Eldar Qocayev 1992-1997-ci illərdə Azərbaycan Universitetinin Beynəlxalq hüquq fakultəsində və Bakı Dövlət Universitetinin tarix fakultəsində, 2000-2004-cü illərdə Moskva Dövlət Açıq Universitetinin hüquq fakultəsində (Moskva şəhəri, RF) ali təhsil alıb. 1999-cu ildə Birminhem Universitetinin hüquq fakultəsində insan hüquqları üzrə (Birminhem şəhəri, İngiltərə), 2002-ci ildə isə Amerika Universitetinin Hüquq fakultəsində (Vaşinqton D.C., ABŞ) beynəlxalq hüquq və xarici ölkələrin konstitusiya hüququ üzrə ixtisas təhsili alıb, 2019-cu ildə Halle-Vittenberg Universitetində (Halle, AFR) müasir akademik tədqiqat üsulları üzrə araşdırma aparıb, 2019–2020-ci illərdə Fulbrayt proqramının qalibi kimi Kolumbiya Universitetində (Nyu-York, ABŞ) rəqabət hüququ və müqavilə hüququ üzrə tədqiqatlar aparıb və dəvət olunmuş alim kimi fəaliyyət göstərib.

      2014-2017-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan haqları və hüquq institutunun dissertantı olub. 2018-ci ildən hüquq üzrə fəlsəfə doktorudur. Hazırda hüquq üzrə elmlər doktoru elmi dərəcəsinin müdafiəsi ərəfəsindədir.

      1997-2003-cü illərdə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində zabit kimi, inspektor, baş inspektor və bölmə rəisi vəzifələrində, 2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti Departamentində hüquqşünas və şöbə müdiri vəzifələrində işləyib.

      2007-2013-cü illərdə Azərbaycanda qanunvericilik və institusional islahatlar üzrə müxtəlif birgə beynəlxalq layihələrdə rəhbər vəzifələrdə çalışıb. 2014-cü ildən 2024-cü ilədək Təhsil nazirliyinin SABAH qrupları Layihəsində müəllim,  rəhbər müavini və rəhbər vəzifələrində, 2022–2024-cü illərdə həm də Azərbaycan Təhsil İnstitutunun direktor müavini vəzifəsində, 2024-2025-ci illərdə Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsində işləyib. 

    2012-ci ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Mülki proses və kommersiya hüququ” kafedrasında saathesabı qaydada müəllim, 2014-cü ildən isə həm də Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarında koordinator və saathesabı qaydada müəllim kimi tədris aparıb.

       İndiyədək Antiinhisar hüququ, Rəqabət hüququ, İstehlakçıların hüquqlarının müdafiəsi, Parlament hüququ, Beynəlxalq hüquq, Xüsusi hüquq, Müqavilə hüququ və Cəza-icra hüququna dair məqalələri dərc olunub, bu sahələrdə kitab və digər tədris vəsaitlərinin həmmüəllifidir. Respublika və beynəlxalq elmi-praktik konfrans, seminar və müzakirələrdə dəfələrlə elmi məruzələrlə çıxış edib, müxtəlif qanunvericilik aktlarının hüquqi ekspertizasını və təhlilini aparıb.

     1999-cu ildən etibarən dünyanın müxtəlif ölkələrində (Fransa, Almaniya, İngiltərə, ABŞ, Belçika, İtaliya, İsveçrə, Ispaniya, Macarıstan, Polşa, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Gürcüstan, Rusiya və s.) çoxsaylı konfrans, seminar, təqdimat, hesabat və təcrübə mübadiləsində iştirak edib.

        Ailəlidir, bir övladı var.