- QƏHRƏMANLARIMIZ -

İnqilab Tofiq oğlu Qədirbəyli  1995-ci il martın 10-da Salyan şəhərində dünyaya göz açıb. 2012-ci ildə Salyan şəhərində Aşıq Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyi bitirib. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında "Menecment"' ixtisasına yiyələnib. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətini Füzulidə keçib. 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü cəbhəyə gedib. Bütün müharibə boyu döyüşlərdə olub.

Əsgər yoldaşlarının dediyinə görə, Şuşa ətrafında gedən döyüşlərdə özünün də mühasirəyə düşmək təhlükəsinə baxmayaraq, 2 yaralı hərbçi yoldaşını döyüş meydanından çıxarıb.

Ermənistanın təslimçilik aktına qol çəkməsinə saatlar qalmış - 2020-ci il noyabrın 9-da düşmənin Şuşaya atdığı raket nəticəsində başından qəlpə yarası alaraq şəhid olub.

Cəsur döyüşçü İnqilab Qədirbəyli ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

  

Bayrı Mirzə oğlu İmanov  1996-cı il fevralın 5-də Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açıb. 2013-cü ildə Bakı şəhərinin Şüvəlan qəsəbəsində A.S. Makarenko adına gimnaziyanı bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dəniz Akademiyasma daxil olmasının sevincini yaşayıb. 2018-ci ildə ADDA-nı "Elektrik mühəndisliyi" ixtisası üzrə bitirib. Sonra müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına çağırılıb və snayper kimi xidmət edib. Tərxis olunduqdan sonra bir müddət Bakıda işləyib. 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Hadrut, Xocavənd, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Hərbçi yoldaşlarının dediyinə görə, düşməni gözündən vururmuş...

Müharibənin sonuna yaxın Şuşanın bir addımlığında raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

İgid döyüşçü Bayrı İmanov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

  

 Mirsafa Mircəlil oğlu Rzayev  1995-ci il fevralın 19-da Sumqayıt şəhərində dünyaya göz açıb. 2013-cü ildə Bakının Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 saylı tam orta məktəbi bitirib. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında "Nəqliyyat servisi (su nəqliyyatı üzrə)" ixtisası üzrə təhsil alıb.

ADDA-nı bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırılıb, xidmət etdiyi müddətdə nümunəvi əsgər - mahir topçu kimi bir neçə dəfə mükafatlandırılıb.

Hərbi xidmətdən sonra şəhərimizin "dəniz qapısı" - Bakı Beynəlxalq Dəniz Ticarət Limanında dispetçer işləyib. İşgüzarlığı, bacarığı, səmimiyyəti ilə kollektivin sevimlisinə çevrilib.

Mirsafa Rzayev Vətən müharibəsinin ilk günü - sentyabrın 27-si səfərbərliyə cəlb olunaraq cəbhəyə yollanıb. Özü kimi igidlərlə bərabər neçə-neçə uğurlu döyüşün iştirakçısı olub. Əsgər yoldaşlarının dediyinə görə, ən çətin döyüşlərə də gülə-gülə, mahnı oxuya-oxuya getməyi xoşlayırmış.

2020-ci il oktyabrın 26-da Füzuli uğrunda gedən döyüşdə düşmənin raket zərbəsi nəticəsində aldığı ağır kəllə-beyin yarasından şəhadətə yüksəlib.

Atası vəfat edəndə Mirsafa kiçik olsa da, evin bütün qayğılarını çiyninə götürməyi bacarıb. Kiçik bacısı Təranənin dediyi kimi, sözün əsl mənasında ata əvəzi olub: "Mən həm qardaşımı, həm də sanki, təzədən atamı itirdim. Qardaşımın yoxluğu mənim üçün bir dünyanın yoxluğu deməkdir. Ömrümün sonuna qədər gözlərim onu axtaracaq. Hər işimdə mənə dəstək olurdu. Heç vaxt atasızlığı mənə hiss etdirmədi. Heç kim onun yerini doldura bilməyəcək mənim üçün".

Xalqımızın igid oğlu Mirsafa Rzayev ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Allahverdi Bəhram oğlu Novruzov  1994-cü il mayın 17-də Salyanda dünyaya göz açıb. 2011-ci ildə Salyan şəhərindəki Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının "Dəniz naviqasiyası mühəndisliyi" ixtisasına daxil olub.

2017-ci ildə ordu sıralarına yollanıb. Müddət həqiqi hərbi xidmət zamanı kəşfiyyatçı bacarığına yiyələnib. Qüsursuz xidməti təşəkkürnaməyə layiq görülüb. 2018-ci  ildə ordudan tərxis olunduqdan sonra mühafizəçi işləyib.

Xalqımızın igid oğlu Allahverdi Novruzov müharibənin ilk günündən canını Vətən uğrunda sipər edib

və savaşın üçüncü günü şəhadətə ucalıb.

Cəsur əsgər Allahverdi Novruzov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə ölkə rəhbəri cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Kamil Ələddin oğlu Kərimov   1995-ci il iyulun 2-də Qazax rayonunun Ürkməzli kəndində dünyaya göz açıb.

Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının "Gəmiqayırma və gəmi təmiri" ixtisasına qəbul olub.

Həqiqi hərbi xidmətdən sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kurslarında oxuyub. Onun MAXE olmaq istəyinin əsas səbəbi torpaqlarımızın 20 faizinin uzun illər düşmən tapdağında olması idi.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda düşmənin hücumlarına sinəsini qalxan edən igidlərimizdən olub Kamil. Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

İgid çavuş Kamil Kərimov ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.