Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib. ADDA rektorunun vəzifəsini icra edən Eldar Qocayev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün milli özünüdərk və müstəqilliyə gedən yolda tarixi əhəmiyyətindən danışıb və belə bir bayramın məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini və bu həmrəyliyin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq məntiqi nəticələrə gətirdiyini vurğulayıb. E. Qocayev Akademiya rəhbərliyi adından müəllimlərə və tələbələrə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb.
Tədbirdə professor-müəllim heyəti və tələbələr qarşısında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri zəngin proqramla çıxış ediblər. Sözün əsl mənasında rəngarəng konsert zalda əyləşənlərin gurultulu alqışları ilə qarşılanıb. Klassik Azərbaycan və dünya musiqisi nümunələrindən milli nəğmə və rəqslərə, Saz və Ritm ansambllarının çıxışlarına qədər geniş diapazonlu proqram hamıya bayram əhval-ruhiyyəsi bəxş edib.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynova dəvətə görə təşəkkürünü bildirib və gələcəyin dənizçilərinə, onların müəllimlərinə səmimi bayram arzularını ifadə edib. O bildirib ki, Akademiya tərəfindən tədbir üçün çox əlamətdar bir gün - Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü seçilib və Mərkəzi İncəsənət Məktəbinin şagirdləri dekabrın 24-də çıxış etməyi həm böyük məsuliyyət, həm də böyük şərəf hesab edirlər.
Konsertdən sonra gənc ifaçılar üçün Dəniz Akademiyasının auditoriya və laboratoriyalarına, trenajorlarına ekskursiya onların canlı marağına səbəb olub.