- XƏBƏRLƏR -
733 Arxiv
ADDA-da Türkiyə universiteti ilə əməkdaşlıq imkanları müzakirə edilib
2025.12.19 16:55

Dekabrın 19-da Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsini icra edən Eldar Qocayev Türkiyənin Yıldız Texniki Universitetinin araşdırma-planlama üzrə prorektoru Hüseyin Yılmaz ilə görüşüb. Tanışlıq məqsədi daşıyan görüşdə iki qardaş ölkənın dənizçi kadrlar hazırlayan ali məktəbləri arasında əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

Qonağa Azərbaycanda dənizçilik təhsilinin tarixi, Akademiyada təhsilin səviyyələr üzrə təşkili, professor-müəllim və tələbə heyəti barədə ətraflı məlumat verilib. ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev son dövrdə ölkədaxili və beynəlxalq əlaqələrimizin genişləndirilməsi, Dəniz Akademiyasının nüfuzunun və tədris imkanlarının yüksəldilməsi, maddi-texniki bazanın müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində görülən işlərdən danışıb və Türkiyənin top universitetləri ilə iş birliyinin perspektivlərini dəyərləndirib.

Professor Hüseyin Yılmaz səmimi görüşdən məmnunluğunu bildirərək, Yıldız Texniki Universitetinin Türkiyənin dənizçi kadrlar hazırlayan ali məktəblərinin ilk üçlüyünə daxil olduğunu, Azərbaycan Dövlət Dəniz Akademiyası ilə qarşılıqlı faydalı əməkdaşlığın gələcəyinə çox nikbin baxdığını vurğulayıb. O, xüsusilə gəmi inşaatçıları və gəmi mexanikləri hazırlığında Yıldız Texniki Universitetinin təcrübəsilə bölüşüb, türk dünyasında ADDA-nın bütün təşəbbüslərinin dəstəklənməsinə hazır olduqlarını ifadə edib.

Görüşdə həmçinin müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmalar, yay məktəblərinin təşkili və digər önəmli məsələlərə də toxunulub, müzakirələrin davamına və konkret istiqamətlərə fokuslanmasına ehtiyac olduğu bildirilib.