- XƏBƏRLƏR -
171 Arxiv
Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələrin İT olimpiadalarına hazırlığı üçün maarifləndirici tədbir keçirildi
2025.12.05 14:28

Azərbaycan Dövlət Dəniz Akademiyası ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında mövcud əməkdaşlıq çərçivəsində növbəti maarifləndirici tədbir uğurla keçirildi.

03 dekabr 2025-ci il tarixində Akademiyanın əsas binasında İRİA-nın təşkilati dəstəyi ilə müəllimlər, tələbələr və magistrantlar üçün “Tələbələrin İT olimpiadalarına hazırlanması və məlumatlandırılması” mövzusunda infosessiya təşkil olundu. Tədbiri Akademiyasının “Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov açaraq iştirakçıları salamladı və tədbirin təşkilinə verdiyi dəstəyə görə İRİA rəhbərliyinə təşəkkürünü bildirdi.

İRİA-nın şöbə müdiri Hafiz Tofidi çıxışında tələbələrə İT olimpiadalarına hazırlıq prosesi, ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər və azərbaycanlı tələbələrin beynəlxalq IOI və ICPC olimpiadalarında uğurla iştirak etmələri barədə ətraflı məlumat verdi.

Hafiz Tofidi vurğuladı ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı ali təhsil müəssisələrində tədrisin yalnız nəzəri biliklərlə məhdudlaşmamasını, tələbələrin praktik bacarıqlarla yetişdirilməsini tələb edir. İT olimpiadaları tələbələrin proqramlaşdırma, alqoritmik düşüncə, problem həll etmə və analitik təfəkkür bacarıqlarının inkişafında mühüm rol oynayır. Eyni zamanda bu yarışmalar tələbələrin beynəlxalq səviyyədə rəqabət qabiliyyətliliyinin artırılmasına və innovasiya potensialının formalaşdırılmasına xidmət edir.

İnfosessiya interaktiv müzakirə formatında davam etdi, iştirakçıların sualları cavablandırıldı və İRİA tərəfindən dekabr ayı ərzində təşkil olunacaq digər tədbirlər barədə məlumat verildi. Tələbələrə qeydiyyat üçün müvafiq linklər təqdim olundu.

Tədbirin sonunda iştirakçıların texnologiya, İT, proqramlaşdırma, kibertəhlükəsizlik və rəqəmsal bacarıqlar üzrə biliklərini yoxlamaq məqsədilə TechQuiz təşkil edildi. Qalib tələbələr İRİA-nın hədiyyələri ilə mükafatlandırıldı.