Azərbaycan Dövlət Dəniz Akademiyasında “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri, elmi-pedaqoji fəaliyyəti, milli ədəbiyyatımızda, təfəkkür tariximizdə mühüm rolu barədə ətraflı söhbət açıb.
Sonra böyük şairin həyat və yaradıcılığını əks etdirən videomaterial nümayiş etdirilib. Tələbələrin çıxışlarında Bəxtiyar Vahabzadə poeziyasının ideya-estetik mahiyyəti barədə fikirlər səslənib.
Kafedranın baş müəllimi Ağarza Fətəliyev şairin milli ədəbiyyatdakı mövqeyindən, sovet dövründə göstərdiyi mənəvi cəsarətdən və “siyasi poeziya”nın əsas simalarından biri kimi rolundan danışıb.
Kafedranın baş müəllimi Sevinc Rzayeva “Bəxtiyar Vahabzadə və Azərbaycançılıq ideyası” mövzusunda çıxış edərək şairin milli kimlik şüuruna, insanın özünüdərk fəlsəfəsinə, Vətən sevgisinə dair dərin fikirlərini təhlil edib.
Tədbirin bədii hissəsində tələbələr Bəxtiyar Vahabzadənin məşhur poemaları əsasında hazırlanmış kompozisiyanı təqdim ediblər. Sonda Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş “Azərbaycan” mahnısı səsləndirilib və tədbir alqışlarla yekunlaşıb.