Azərbaycan Dövlət Dəniz Akademiyası ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında əməkdaşlıq çərçivəsində gənclərin innovativ bacarıqlarının gücləndirilməsi istiqamətində daha bir önəmli tədbir həyata keçirilib. Akademiyanın tələbə və magistrləri üçün 19 noyabr 2025-ci il tarixində “İnnovasiya mədəniyyətinin formalaşdırılması” mövzusunda geniş və interaktiv infosessiya təşkil olunub.
Tədbirin əsas məqsədi gənclərə innovativ düşüncə tərzini, rəqəmsal dövrün tələb etdiyi yeni bilik və bacarıqları aşılamaq, həmçinin onları kreativ və təşəbbüskar fəaliyyətə həvəsləndirmək idi.
Azərbaycan İnnovasiya Mərkəzinin departament müdiri Camal Ağayev və layihə rəhbəri Nigar Abdullayeva sessiya iştirakçılarına innovasiya ekosisteminin iş prinsipləri, ideyadan layihəyə gedən yol, startap düşüncəsinin formalaşması, rəqəmsal transformasiyanın dənizçilik sahəsinə təsirləri və tələbələr üçün innovativ karyera imkanları haqqında ətraflı məlumat veriblər.
Tədbirdə ADDA-nın tərkibində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin tələbələri də iştirak edərək innovasiya mədəniyyətinin əsas istiqamətləri ilə tanış olublar.
İnfosessiya sual-cavab, ideya mübadiləsi və real nümunələrin müzakirəsi ilə zəngin olub. Tələbələr bu sahədə mövcud imkanlar, Agentliyin təlimləri və innovativ layihələrdə iştirak yolları barədə praktiki məlumatlar əldə ediblər.