Noyabrın 20-də Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsini icra edən Eldar Qocayev Cənubi Afrika Respublikasının ali təhsil və təlim nazirinin müavini Nomusa Dube-Ncubenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ADDA rəhbəri qonaqları salamlayaraq, Azərbaycanda dənizçilik təhsilinin tarixi, akademiyada təhsilin pillələri, ixtisaslar, professor-müəllim və tələbə kontingenti barədə ətraflı məlumat verib. Eldar Qocayev Akademiyada tədrisin təşkilinin və maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində atılan addımlardan danışaraq bildirib ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatının müvafiq siyahısında dünya dənizilik ali məktəbləri sırasında yer alır, yüksək ixtisaslı dənizçi kadrları hazırlayır, eyni zamanda nəzdindəki Təlim Tədris Mərkəzi vasitəsilə dənizçiləri sertifikatlandırır. O, Akademiyada nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin tədrisinə də xüsusi diqqət yetirildiyini vurğulayıb, bütün tələbələrin öz istehsalat və üzmə təcrübələrini, ixtisasdan asılı olaraq, AZCON Holding şirkətlərindən olan ASCO-nun donanmalarında və gəmi təmiri zavodlarında, habelə müxtəlif yerli və xarici şirkətlərin gəmilərində keçdiklərini qeyd edib. ADDA rəhbəri Akademiyada dünyanın müxtəlif ölkələrindən əcnəbi tələbələrin təhsil aldığını, Cənubi Afrika Respublikasından da tələbələrin maraq göstərəcəkləri təqdirdə onlara hər cür şərait yaradılacağını deyib.
Görüşdə iki ölkənin dənizçilik təhsili sahəsində akademik və tələbə heyətinin mübadiləsi, mümkun əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Cənubi Afrika Respublikasının ali təhsil və təlim nazirinin müavini Nomusa Dube-Ncube həmçinin respublikamızda subbakalavr təhsili sahəsində iş birliyinin perspektivlərilə də maraqlanıb, ADDA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinin imkanlarına dair suallar səsləndirib.
Sonra Cənubi Afrika Respublikasının nümayəndələri Akademiyanın maddi-texniki bazası – trenajorlar, ixtisas auditoriyaları və laboratoriyalarla, habelə kitabxana və tarix muzeyi ilə tanış olublar.