- XƏBƏRLƏR -
1087 Arxiv
ADDA tələbələri təlimdə iştirak ediblər
2025.11.02 14:13

Azərbaycan Dövlət Dəniz Akademiyasının  tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi təhsil layihələri çərçivəsində keçirilən növbəti Meet-Up görüşündə iştirak ediblər. Tədbir “Sağlam vərdişlərin karyerada rolu” mövzusuna həsr olunub və İRİA-nın inzibati binasında baş tutub.

Bu görüş ADDA ilə İRİA arasında qurulan əməkdaşlığın növbəti addımı olaraq tələbələrin rəqəmsal dünyada inkişafına, İT biliklərinin və şəxsi bacarıqlarının artırılmasına yönəlib. Tədbir çərçivəsində gənclərə müasir əmək bazarında rəqəmsal savadlılığın və informasiya texnologiyaları üzrə biliklərin əhəmiyyəti vurğulanıb.

Təlimin spikeri Aynur Nəbiyeva tələbələrə balanslı həyat tərzinin, motivasiyanın və sağlam vərdişlərin peşəkar inkişafda rolu barədə geniş məlumat verib.

Görüş interaktiv müzakirələr, praktiki tapşırıqlar və komanda oyunları şəklində təşkil olunub. Tələbələr qruplar şəklində əməkdaşlıq, sərbəst fikir yürütmə, liderlik və yaradıcı düşüncə bacarıqlarını nümayiş etdiriblər. Eyni zamanda yeni tanışlıqlar quraraq mövzu ətrafında səmərəli fikir mübadiləsi aparıblar.

Tədbir tələbələrdə sağlam həyat tərzi, şəxsi inkişaf və İT bacarıqlarının önəmini dərk etməyə, eləcə də gələcək karyera planlaşdırmasını düzgün istiqamətləndirməyə müsbət təsir göstərib. Həmçinin sosial şəbəkələrdən iş, karyera və təcrübə imkanları istiqamətində səmərəli istifadə yolları müzakirə olunub və zərərli vərdişlərdən uzaq olmağın vacibliyi vurğulanıb.

Bu cür görüşlər ADDA tələbələrinin bilik və bacarıqlarının artırılması, həmçinin rəqəmsal transformasiya dövrünün tələblərinə uyğun formalaşmaları baxımından böyük əhəmiyyət kəsb edir.

Görüşün sonunda xatirə şəkilləri çəkilib.