Oktyabr 2-də Almaniyanın Maqdeburq universitetinin professoru Holm Altenbax Azərbaycan Dövlət Dəniz Akademiyasında olub.
Akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, rektor vəzifəsini icra edən Eldar Qocayev qonaqları salamlayaraq, Akademiyada təhsilin pillələri, tədris şəraiti, tələbə kontingenti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatının müvafiq siyahısında dünya dənizçilik ali məktəbləri sırasında yer alır, yüksək ixtisaslı dənizçi kadrları hazırlayır. ADDA-da dünyanın müxtəlif ölkələrindən əcnəbi tələbələr də təhsil alır. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qonaqlar Akademiyanın maddi-texniki bazası (trenajorlar, ixtisaslaşmış auditoriyalar, tədris labaratoriyaları və s.) ilə tanış olublar.
Daha sonra ADDA-nın akt zalında seminar formatında təşkil olunan Master-klassda professor Holm Altenbax “Mexanikanın əsaslarına və tarixinə səyahət” mövzusunda çıxış edib.
Master-klass dərsinin yekununda tələbələri maraqlandıran suallar cavablandırılıb.