- XƏBƏRLƏR -
157 Arxiv
ADDA alimləri beynəlxalq konqresdə uğurla çıxış ediblər
2025.09.08 17:00

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Tətbiqi Mexanika kafedrasının professorları Yusif Həsənov və Rövşən Hümbətəliyev 2-4 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilmiş “Mexanikada yeni trendlər” adlı I Beynəlxalq elmi konqresdə uğurla çıxış etmişlər.

Konqres Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin (TUMTMK) və ADPU-nun təşkilatçılığı ilə, İstanbul Texniki Universiteti, İstanbul Ticarət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, eləcə də AMEA-nın müvafiq institutlarının dəstəyi ilə təşkil olunmuşdur. Tədbirdə strukturlar mexanikası, bərk cisim mexanikası, maye mexanikası, tətbiqi mexanika, tətbiqi riyaziyyat və kompozit materiallar sahələrində 150-yə qədər elmi məruzə təqdim olunmuşdur.

ADDA alimləri “Neft hasilatının riyazi modelləşməsi” adlı məruzələri ilə çıxış edərək bu sahədə apardıqları elmi tədqiqatları beynəlxalq auditoriyaya təqdim etmişlər. Məruzədə neft hasilatının qlobal enerji balansındakı rolu və onun iqtisadi-siyasi əhəmiyyəti ön plana çəkilərək, hasilatın artım və azalma mərhələlərinin riyazi modellərlə – xüsusilə diferensial tənliklər, eksponensial və logistik artım modelləri ilə – dəqiq proqnozlaşdırılmasının əhəmiyyəti vurğulanmışdır. Empirik istehsal məlumatlarının bu modellərə uyğunlaşdırılması əsasında onların real vəziyyətin təhlilində effektivliyi və məhdudiyyətləri müzakirə edilmişdir.

Tədqiqat həm maye mexanikası, həm də tətbiqi riyaziyyat sahələrində elmi yenilik kimi iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş, nəticə olaraq hər iki professor təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunmuşdur.