Mayın 1-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş “Su nəqliyyatının problemləri” mövzusunda XX Beynəlxalq elmi-texniki konfransın açılış mərasimi keçirilib.
Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, son 20 ildə Akademiyada təşkil olunan bu kimi konfranslar Ulu Öndər Heydər Əliyevin apardığı siyasətin davamı kimi Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin uğurlarının qazanıldığı dövrlərə təsadüf edir. 2020-ci ildə Vətən müharibəsində şanlı Zəfərdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda misilsiz quruculuq və bərpa işlərinə başlanılmışdır. Bu gün həmin torpaqlarda həyata keçirilən layihələr təkcə regionun deyil, bütün Azərbaycanın inkişaf tarixində yeni bir mərhələdir. Dövlət başçımızın uzaqgörən və prinsipial siyasəti nəticəsində azad edilmiş ərazilərdə "Böyük Qayıdış" strategiyası uğurla həyata keçirilir. İnfrastruktur layihələri – yollar, tunellər, hava limanları tikilir, şəhər və kəndlər yenidən salınır, “Ağıllı kənd” və “Ağıllı şəhər” modelləri tətbiq olunur. Bu, təkcə maddi deyil, həm də mənəvi bir quruculuq prosesidir. Füzuli, Şuşa, Laçın, Zəngilan və digər bölgələrdə artıq minlərlə ailə öz doğma yurdlarına qayıdıb. Əhalinin dayanıqlı yerləşməsi üçün məktəblər, xəstəxanalar, sosial obyektlər, sənaye parkları yaradılır. Bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına, şəffaf və planlı şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin bu istiqamətdəki siyasəti Azərbaycanın gücünü, xalqına olan sevgisini və Qarabağın hər qarış torpağının Azərbaycan üçün nə qədər əziz olduğunu bir daha sübut edir. Qarabağ bu gün yenidən doğulur və bu dirçəlişin memarı məhz cənab İlham Əliyevdir.
Sonra “Humanitar fənlər” kafedrasının müəllimi Elbrus Həşimov çıxış edərək bildirib ki, müasir Azərbaycanın memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan xalqı üçün böyük nümunədir. Heydər Əliyev təkcə bir siyasətçi deyil, həm də tarix yazan, dövlət quran və millətin gələcəyini düşünən uzaqgörən bir lider idi. Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldikdən sonra ölkəmizin bütün sahələrində ciddi inkişaf başladı. O, mədəniyyətə, təhsilə, elmə və iqtisadiyyata böyük diqqət yetirirdi. 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdanda isə Azərbaycan xaos və parçalanmadan qurtularaq sabitlik yoluna qədəm qoydu. Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, beynəlxalq aləmdə ölkəmizin nüfuzunu artırdı. Onun əsasını qoyduğu siyasət bu gün də davam edir və Azərbaycan sürətlə inkişaf edir.
Akademiyanın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Nəsir Hüseynov elmi-texniki konfransın təşkilindən danışıb. Qeyd edib ki, Beynəlxalq elmi-texniki konfrans müxtəlif ölkələrin universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən alimləri, gənc tədqiqatçıları və istehsalatda çalışan aparıcı mütəxəssisləri bir araya gətirmək məqsədini daşıyır. N. Hüseynov konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, elmi məruzələr 5 bölmə üzrə dinləniləcək. Elmi-texniki konfransa ümumilikdə 73 məruzə təqdim edilib. Konfransa təqdim olunmuş məruzələrin 39-u ADDA, 29-u isə digər ali məktəblərdən, o cümlədən xarici ölkələrdən 5 məruzə daxil olmuşdur. Ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində çap edilməsi nəzərdə tutulur.
Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini bölmələrdə davam etdirib.
Konfransa mayın 2-də yekun vurulub.