- XƏBƏRLƏR -
581 Arxiv
Elmi-texniki konfrans işə başladı
2024.04.05 10:45

Aprelin 4-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Dəniz nəqliyyatının inkişaf prespektivləri” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi-texniki konfransının açılış mərasimi keçirildi. Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.

Giriş sözü ilə çıxış edən Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Vüqar Sadıqov konfrans iştirakçılarını salamlayaraq bildirdi ki, Heydər Əliyevin istər ölkəmizin dəniz nəqliyyatının, istərsə də Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Məhz bu dahi şəxsiyyətin sayəsində Azərbaycan gəmiçiliyi qorunub saxlanıb və ildən-ilə inkişaf etdirilib.

Ulu öndərin sovetlər dönəmində hakimiyyətə gəldikdən sonra Xəzərdə yükdaşımalarda baş verən canlanmadan danışan V. Sadıqov onu da qeyd etdi ki, məhz onun təkidi ilə o vaxtlar bir çox yeni tanker və quru yük gəmilərinin tikintisinə başlandı, daha sonra həmin illər ərzində bu nəqliyyat vasitələri Azərbaycana gətirildi. 1995-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına daxil oldu. Heydər Əliyev çox gözəl başa düşürdü ki, dünya sularında üzmək üçün dənizçilərimizə beynəlxalq səviyyədə tanınan diplom və sertifkatlar lazımdır. Məhz Ulu Öndərin tövsiyəsindən sonra 1996-cı ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Hazırda akademiyanın verdiyi diplomların beynəlxalq miqyasda tanındığını vurğulayan V.Sadıqov bunun Ümummilli Liderimizin uzaqgörən siyasətinin bəhrəsi olduğunu söylədi. Bu diqqət və qayğı Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən davam etdirildi, donanmalarımız yeniləndi, son illərdə ASCO üçün bir çox gəmilər tikilərək istismara verildi.

Daha sonra konfransın proqramına uyğun  plenar iclasda  ADDA PHŞ-nin Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Nəsir Hüseynov çıxışında Ümummilli liderimizin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi və təbliğinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd etdi.

N.Hüseynov iştirakçıların diqqətinə çatdırdı ki, elmi-texniki konfransa ümumilikdə 7 bölmədə 134 məruzə təqdim edilib. Ən yaxşı məruzə materiallarının “Tezislər toplusu”nda çap edilməsi nəzərdə tutulur. 

Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini bölmələrdə davam etdirdi.

Konfransa aprelin 5-də yekun vuruldu.