- XƏBƏRLƏR -
669 Arxiv
YENİ DƏRSLİKLƏR VƏ DƏRS VƏSAİTLƏRİ İŞIQ ÜZÜ GÖRÜB
2024.03.19 10:44

“Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin mətbəəsində mütəmadi olaraq tələbələr üçün yeni dərsliklərin, dərs vəsaitlərinin, metodik göstərişlərin və s. çapı həyata keçirilir.

Bugünlərdə mətbəədə Akademiyanın “Dəniz naviqasiyası” kafedrasının əməkdaşları professor Zakir Rüstəmov və baş müəllim Əkbər Şirəliyevin müəllifliyi ilə “Yükdaşıma texnologiyası və donanmanın idarə olunması" adlı dərslik nəşr olunmuşdur.

 “Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent Elşən Sultanovun və baş müəllim Elsevər Həsənovun müəllifliyi ilə “Yüksək gərginliklər və elektrik izolyasiya texnikası”  adlı dərslik və dosent Elşən Sultanov və assistent Rüslan Əlicanovun  müəllifliyi ilə “Elektrik dövrələri nəzəriyyəsi” məsələ həllinə aid dərs vəsaiti də işıq üzü görmüşdür.

Bundan əlavə “Humanitar fənlər” kafedrasının əməkdaşları dosent Əsədullah Süleymanov, dosent İlqar Abdullayev  və professor Yusif Həsənovun müəllifliyi ilə “Elmin və texnikanın fəlsəfi problemləri" adlı dərs vəsaiti də nəşr olunmuşdur.

Professor Zakir Rüstəmov və baş müəllim Əkbər Şirəliyevin müəllifliyi ilə ərsəyə gələn “Yükdaşıma texnologiyası və donanmanın idarə olunması" adlı dərslik  su nəqliyyat daşımaları, liman texnoloji prosesləri və naviqasiya mühəndisliyi biliklərinin təkmilləşdirilməsində, eləcə də gəmiçilikdə, limanlarda mühəndis-texniki işçilər tərəfindən praktiki fəaliyyətdə istifadə üçün nəzərdə tutulmuşdur. 

Dosent Elşən Sultanovun və baş müəllim Elsevər Həsənovun müəllifliyi ilə tərtib olnan “Yüksək gərginliklər və elektrik izolyasiya texnikası”  adlı dərslikdə qazlarda elektrik boşalması, maye və bərk dielektriklərdə elektrik deşilməsi, yüksək gərginlikli izolyasiya və sinaq qurğuları, yüksək gərginlikli qurğular və onlardan mühafizə, gəmi elektrik təhlükəsizliyi, gəmi elektroenergetik sistemlərinin, gəmi elektrik şəbəkələrinin, gəmi elektrik intiqallarının və səyyar elektrik avadanlığının təhlükəsizliyi haqqında ətraflı məlumatlar verilmişdir.

 

 

Dosent Elşən Sultanov və assistent Rüslan Əlicanovun  müəllifliyi ilə tərtib olunmuş “Elektrik dövrələri nəzəriyyəsi” məsələ həllinə aid dərs vəsaitində sabit cərəyan  elektrik dövrələrinin hesablanması,  Kirxhof qanunlarına görə elektrik dövrələrinin hesablanması, kontur cərəyanları, qondarma üsulu, düyün gərginlikləri üsuluna görə elektrik dövrələrinin hesablanması, elektrik dövrələrinin çevrilməsı üsullarının hesablanması, birfazalı dəyişən cərəyan dövrələrinin və  dəyişən cərəyan dövrələrində rezonans hadisəsinin hesablanması, maqnit dövrələrinin hesablanmasına, üçfazalı elektrik dövrələrinin, üçfazalı elektrik dövrələrində güclərin hesablanması, keçid proseslərinin hesablanması barədə ətraflı məlumatlar verilmişdir.

 

Dosent Əsədullah Süleymanov, dosent İlqar Abdullayev  və professor Yusif Həsənovun müəllifliyi ilə ərsəyə gələn “Elmin və texnikanın fəlsəfi problemləri" adlı dərs vəsaitində elmi-texniki inkişaf və fəlsəfə, təbiət və cəmiyyət, iqtisadiyyatın  fəlsəfəsi və virtualizasiyası, mədəniyyətin fəlsəfəsi, internetin təkamülü haqqında məlumatlar geniş şəkildə öz əksini tapmışdır.

Dərs vəsaiti Akademiyanın bütün ixtisasları üzrə  magistratura səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Eyni zamanda dərs vəsaitindən fəlsəfə doktoru imtahanına hazılaşan əməkdaşlar və fəlsəfəyə maraq göstərən hər kəs istifadə edə bilər.

 

Müəlliflər hesab edir ki, dərsliklər və dərs vəsaitləri “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-də təhsil alan tələbələr, magistrantlar, doktorantlar, gəmilərdə çalışan mütəxəssislər üçün faydalı olacaqdır.