- XƏBƏRLƏR -
979 Arxiv
ADDA-da uzun illər sonra baş tutan görüş
2023.10.14 21:28

1983-1986-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası - ADDA) "gəmi sürücülüyü" ixtisası üzrə təhsil alan bir qrup tələbə yenidən doğma təhsil ocaqlarında bir araya gəlib.

ADDA-nın konfrans zalında görüşən məzunlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də dünyasını dəyişmiş müəllimlərinin və tələbə yoldaşlarının əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Onlar Vətən uğrunda şəhidlik zirvəsinə ucalan ADDA-nın məzunlarının xatirəsinə yaradılmış guşəni də böyük qürurla ziyarət ediblər. 

Görüşdə tələbələr ötən illəri xoş xatirələrlə yada salıblar. Burada təhsil aldıqları müddətlə hazırkı dövrü müqayisə edən qonaqlar bildiriblər ki, bu gün dənizçilik təhsili sahəsində böyük inkişaf var. 

Dənizçilər ADDA-da hazırda təhsil alan tələbələrlə də görüşüb, onlarla təcrübələrini bölüşüblər. 

Sonda xatirə şəkli çəkdirən məzunlar xoş münasibətə görə ADDA-nın kollektivinə təşəkkürlərini bildiriblər.