- XƏBƏRLƏR -
1057 Arxiv
ADDA-nın MƏTBƏƏSİNDƏ YENİ KİTABLAR ÇAP EDİLİB
2023.10.10 12:23

“Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin mətbəəsində mütəmadi olaraq tələbələr üçün yeni kitabların və dərs vəsaitlərinin çapı həyata keçirilir. Bura həm ixtisas fənləri, həm də Akademiyada tədris olunan digər ümumi fənlər üzrə kitablar, mühazirələr, metodik göstərişlər daxildir.

Bugünlərdə mətbəədə Akademiyanın “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov və Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Vüqar Sadıqovun  müəllifliyi ilə “İnşaat mexanikası və gəminin möhkəmliyi" adlı dərslik nəşr olunmuşdur.

 “Gəmi elektroavtomatikası” kafedrasının əməkdaşları dosent Elşən Sultanov, baş müəllim İlhamə Bayramova və baş müəllim Sahib İsmayılovun müəllifliyi ilə  “Elektrik maşınları”  və həmçinin  dosent Elşən Sultanov, baş müəllim İlhamə Bayramova və assistent Ruslan Əlicanovun müəllifliyi ilə  “Elektrik dövrələri nəzəriyyəsi”  adlı dərsliklər işıq üzü görmüşdür.

Bundan başqa  “Gəmiqayırma və gəmi təmiri” kafedrasının əməkdaşları - professor Arif Məmmədov, dosent İsaq Xankişiyev, dosent Fazil Orucov və t.ü.f.d. Afət Cəfərovanın müəllifliyi ilə  ərsəyə gələn “Korroziya prosesləri nəzəriyyəsi”  adlı dərslik də çap olunmuşdur.

Professor Vaqif Həsənov və dosent Vüqar Sadıqovun  müəllifliyi ilə ərsəyə gələn "İnşaat mexanikası və gəminin möhkəmliyi" adlı dərslikdə gəmi gövdəsinin tərkibinə daxil olan əsas mil sistemlərinin təsnifatı və inşaat mexanikasinin əsas məsələləri, düz çubuqların əyilməsi,  möhkəm elastik bir təməl üzərində uzanan çubuqların mürəkkəb əyilməsi, inşaat mexanikasının ümumi teoremləri və metodları, sərt düzbucaqlı plitələrin əyilməsi və dayanıqlılığı, statik suda və dalğalarda yüklərin təyin olunması, üçoynaqli tağlar və çərçivələrlə bağlı məsələlər öz əksini tapmışdır.

Dosent Elşən Sultanov, baş müəllim İlhamə Bayramova və baş müəllim Sahib İsmayılovun müəllifliyi ilə  ərsəyə gələn “Elektrik maşınları”  adlı dərslikdə sabit cərəyan elektrik maşınları, transformatorlar, asinxron və sinxron maşınların quruluşu, işləmə prinsipi, əsas xü­su­siy­yət­ləri və xüsusi elektrik maşınları haqqında ətraflı məlumat verilmişdir.

Dosent Elşən Sultanov, baş müəllim İlhamə Bayramova və assistent Ruslan Əlicanovun müəllifliyi ilə  ərsəyə gələn “Elektrik dövrələri nəzəriyyəsi”  adlı dərslikdə elektrik dövrələrinin əsas hissələri və qanunları, sabit və dəyişən cərəyan dövrələri, elektrik dövrələrinin kompleks üsulla hesablanması, süzgəclər və elektrik dövrələrində keçid prosesləri haqqında ətraflı məlumatlar  öz əksini tapmışdır.

 “Gəmiqayırma və gəmi təmiri” kafedrasının əməkdaşları professor Arif Məmmədov, dosent İsaq Xankişiyev, dosent Fazil Orucov və t.ü.f.d. Afət Cəfərovanın müəllifliyi ilə  ərsəyə gələn “Korroziya prosesləri nəzəriyyəsi”  adlı dərslikdə metal və ərintilərin kimyəvi, qaz və elektrokimyəvi korroziyasının fiziki mahiyyəti və korroziyanın bu növlərinə təsir edən amillər şərh olunur. Sonrakı fəsillərdə metal və ərintilərin passivliyi, müxtəlif şəraitlərdə baş verən korroziyaların, o cümlədən, yeraltı, dəniz korroziyalarının nəzəri əsasları verilir. Dərslikdə korroziyadan mühafizənin əsas növləri, o cümlədən örtüklər nəzəriyyəsi, onların çəkilmə, elektrokimyəvi mühafizə üsulları və korroziya proseslərinin yaratdığı problemlər göstərilir. Eyni zamanda, kitabda ərintilərin, o cümlədən gəmiqayırmada istifadə olunan poladların, çuqunların, əlvan metal və ərintilərin korroziyaya dözümlülüyünün artırılması yolları nəzərdən keçirilir.

Dərsliklərdən Akademiyanın tələbələri ilə yanaşı, mühəndislər, tədqiqatçılar və gəmilərdə çalışan mütəxəssislər də  istifadə edə bilərlər.