- XƏBƏRLƏR -
1347 Arxiv
“Tətbiqi mexanika” kafedrasında master-klass
2023.09.28 12:16

2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi əlaqələrini genişləndirmək məqsədilə “Gəmi mexanika­sı və elektromexanikası” fakultəsinin və “Tətbiqi mexanika” kafedrasının birgə təşkilatçılığı ilə  sentyabrın 27-də  kafedra əməkdaşları və tələbə heyəti üçün master-klass keçirilib.

 Əvvəlcə “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov iştirakçıları salamladıqdan sonra Ulu öndər Heydər Əliyevin və 27 sentyabr - Anım günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Vaqif Həsənov qeyd edib ki, bu tədbir Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyilə bağlı silsilə tədbirlərdən olub, tələbələrimiz üçün çox böyük əhəmiyyət daşıyır. Eyni zamanda xarici alimlərlə əməkdaşlıq, konfranslar və tədbirlərin keçirilməsi elmin inkişafına müsbət təsir edir.

Sonra qardaş Türkiyənin Qazi Universitetinin “Mühəndislik” fakultəsinin professoru Muslim Cengiz Taplamacıoğlu “Mexanikada innovativ texnologiyalar sahəsində dünya təcrübəsi və ətraf mühit” master-klass məruzəsini təqdim edib.  

Tədbirdə “Erasmus+” proqramı çərçivəsində ölkəmizə gəlmiş mütəxəssislər - Qazi Universiteti “Mühəndislik” fakultəsində “Makina mühəndisliyi” fənnini tədris edən prof.dr. Nuri Yücel,  həmin fakultədə “Elektrik və elektronika mühəndisliyi” fənnini tədris edən prof.dr. Hıdır Düzkaya,  Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis sistemləri və qurğuları” kafedrasının müdiri Nurməmməd Məmmədov, ADDA-nın “Gəmi mexanikası və elektromexanikası” fakultəsinin dekanı Rafiq Əsgərov iştirak ediblər.

Sonda “Gəmi mexanikası və elektromexanikası” fakultəsinin dekanı R.Əsgərov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis sistemləri və qurğuları” kafedrasının müdiri N.Məmmədov məruzəçiyə dəyərli məlumatlara görə təşəkkürlərini bildiriblər.