- XƏBƏRLƏR -
2007 Arxiv
Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq
2023.08.11 14:09

Erasmus+ Avropa İttifaqının təhsil, təlim, gənclər və idmana dəstək proqramı çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşları Həzi Nəbiyev və Monika Hüseynli Latviyanın Liyepaya şəhərində yerləşən Riqa Texniki Universitetinin Dənizçilik kollecində olublar.

   Səfər zamanı ADDA nümayəndələri ilə kollec rəhbərliyi arasında görüşlər keçirilib, dənizçilik təhsilinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. 

    Azərbaycan Dövlət Dəniz Akademiyasının "Dəniz Naviqasiyası" kafedrasının müdiri Həzi Nəbiyev tələbələr qarşısında “Naviqasiya” fənni üzrə müxtəlif mövzularda mühazirələrlə çıxış edib. Eyni zamanda latviyalı gənclərə Azərbaycanın iqtisadi, mədəni, ictimai-siyasi həyatı,  respublikamızın beynəlxalq mövqeyi barədə ətraflı məlumat verilib. Xalqımızın 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm qələbənin əhəmiyyəti xüsusilə vurğulanıb.  Bu mövzuda müxtəlif videoçarxlar nümayiş etdirilib. Azərbaycanlı alimin bütün çıxışları və təqdimatları tələbələr arasında böyük maraq doğurub.

          Tələbələrin bu marağı Liyepaya Dənizçilik Kollecinin rəhbərliyi tərəfindən çox müsbət qarşılanıb və belə əlaqələrin davam etdirilməsinə çalışacaqları bildirilib.

Səfərin sonunda ADDA nümayəndələrinə müvafiq sertifikatlar təqdim olunub.