- XƏBƏRLƏR -
7594 Arxiv
Yeni 2022/2023-cü tədris ili ərəfəsində ADDA-nın rektoru Heydər Əsədovun tələbələrə təbriki
2022.09.14 14:00

 

Hörmətli tələbələr!

Qloballaşan dünyamızda baş verən siyasi-iqtisadi proseslərin iştirakçıları arasında müstəqil dövlətimizin simasında hər bir Azərbaycan vətəndaşı vardır.

Ölkəmiz ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan prezident İlham Əliyevin rəhbərliyi ilə Qafqaz regionunda nüfuzlu dövlətə çevrilmiş, Ali Baş Komandanın qətiyyətli qərarları ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəmiz bu prosesin reallaşmasında əsas təkan verən amil olmuşdur.

Hazırda ölkəmiz Avropanın əsas enerji təminatçılarından birinə çevrilməkdədir. Artıq Azərbaycanla hesablaşır, Azərbaycanın nüfuzunu hiss edirlər. Bugün siz belə sayılan, qüdrətli bir dövlətin vətəndaşısınız. İlk olaraq mən sizi bu münasibətlə təbrik etmək istəyirəm.

Həmçinin sizi yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Xəzərin sahilində yerləşən Azərbaycanın dənizçilik tarixinin əsrlərlə yaşı var. Bu gün regionda peşəkar və beynəlxalq standartlara uyğun dəniz daşımaları və xidmətləri göstərən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) Azərbaycanın müasir dənizçilik tarixini yazmağa davam edən aparıcı şirkətlərdəndir.

ASCO-nun əsas kadr hazırlığını isə yenicə tələbəsi adını qazandığınız Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) həyata keçirir. Biz bununla qürur duyuruq. Məzunlarımızın sədaları ASCO-nun həm Xəzərdə, həm də xarici sularda üzən gəmilərindən gəlir. Sevinirik ki, onların uğurlarının təməlində ADDA-da aldıqları təhsil durur.

Təhsil müəssisəmiz nəinki ölkəmizdə, hətta bütün regionda ali dənizçilik təhsili verən yeganə Akademiyadır. Buradakı tədrisin daha da keyfiyyətli olması üçün ADDA-nın rəhbərliyi və professor-müəllim heyəti gərgin fəaliyyətini həmişə davam etdirir.

Builki qəbulun nəticələrini xüsusi qeyd etməyə dəyər. Azərbaycan Dövlət Dəniz Akademiyası ölkə üzrə qəbul planı tam dolmuş 6 təhsil müəssisəsindən biridir.

Akademiyada oxumaq istəyənlər arasında vətəndaşlarımızla bərabər dünyanın bir sıra ölkələrindən tələbələr də var. Bu il ilk dəfə olaraq, Pakistan, Səudiyyə Ərəbistanı, İraq, Yəmən və Sudan kimi ölkələrdən tələbələr sırasına qatılmaq üçün ADDA-ya müraciətlər daxil olub.

Dənizçi peşəsi qürurverici olmaqla yanaşı, böyük zəhmət tələb edir. Mən əminəm ki, bu çətin yolda siz inamla irəliləyəcək və Akademiyanın adını daha da yüksəklərə qaldıracaqsınız.

Hər il olduğu kimi, ADDA-ya daxil olmuş birinci kurs tələbələrinə demək istərdim ki, tələbə adını qazanmaq məsuliyyətli yolun ən asan hissəsidir. Bu adı doğrultmaq, valideynlərinizə və Vətənimizə layiqli övlad olmaq ən əsas məsələlərdəndir. Bu yolda sizə, ADDA-nın bütün tələbələrinə Akademiyamızın professor-müəllim heyəti adından uğurlar arzulayıram.

Bir daha yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimlərimizi təbrik edirəm!