- XƏBƏRLƏR -
559 Arxiv
Əziz xanımlar, bayramınız mübarək!
2022.03.05 10:09

Əziz xanımlar!    

Bir-birindən gözəl bayramlarımızın sırasında 8 Mart - Beynəlxalq Qadınlar Gününün xüsusi yeri var. Bu da təsadüfi deyil və hər şeydən əvvəl, qadın azadlığının tarixi əsri keçən ölkəmizdə ailədə və cəmiyyətimizdə xanımlara sonsuz hörmət-ehtiramdan irəli gəlir.

Qadın paklığın, sədaqətin təcəssümü, zərifliyin, nəcibliyin, xeyirxahlığın rəmzidir. Azərbaycan qadını həm də Vətən müharibəsində bizə Zəfər sevincini yaşadan oğulların anası, bacısı, həyat yoldaşıdır.

Sizi - zərif cinsin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışan bütün nümayəndələrini Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.

Öz  ocağına qırılmaz tellərlə bağlı olan, öz yurdunu sonsuz məhəbbətlə sevən Azərbaycan qadınının  ən böyük xidməti bu sevgini dünyaya gətirdiyi və canından çox sevdiyi övladlarına ötürə bilməsidir, onları “Öncə Vətən!” ruhunda böyütməsidir. Məhz ən böyük silahı Vətən sevgisi olan bu igidlərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  2020-ci il sentyabrın 27-də çıxdıqları Zəfər yürüşü hesabına müstəqil Azərbaycanımızın ərazi bütövlüyü təmin olundu. İkinci Qarabağ savaşı  günlərində analarımızın nümayiş etdirdikləri iradə və fədakarlıq isə Qələbənin əldə edilməsində misilsiz rol oynadı.       

Ölkəmizdə qadınlara həmişə ehtiramla yanaşılıb. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu illərdə isə xanımların cəmiyyətdə rolunun yüksəlməsinə xüsusi diqqət yetirilirdi. “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir. İsmət, qeyrət, qüdrət rəmzidir”-deyirdi dahi rəhbər.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin qadınların cəmiyyətdə roluna verdiyi müstəsna əhəmiyyətin nəticəsidir ki, bu gün azərbaycanlı qadınlar təkcə ölkəmizdə deyil, dünyada Odlar yurdunu layiqincə təmsil edirlər.

Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada xanımlar çalışmasın. Azərbaycan qadınları ailədə zərif çiyinlərinə düşən  yükü ləyaqətlə daşıdıqları kimi, çalışdıqları sahələrdə də  zirvələri fəth etməyi bacarırlar.

Azərbaycanda Birinci vitse-prezident təsisatının yaradılması və bu şərəfli olduğu qədər də məsuliyyətli vəzifənin Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya həvalə edilməsi ilk növbədə cəmiyyətdə zərif cinsin nümayəndələrinə verilən dəyərin göstəricisi, birinci xanımın bu etimadı gözlənildiyi kimi - layiqincə doğrultması isə Azərbaycan qadınının nəyə qadir olduğunun təsdiqidir.  

Və ya Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə və xaricdə həyata keçirilən nəhəng layihələr Azərbaycan  qadınının gənc, müstəqil Azərbaycan naminə hansı fədakarlıqlara hazır olduğunu, zərif çiyinlərində nə boyda yük daşıdığını bir daha nümayiş etdirir.    

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  fəaliyyətini də xanımlarsız təsəvvür etmək mümkün deyil. Hazırda ASCO-nun çoxşaxəli və mürəkkəb təsərrüfatında yüzlərlə qadın çalışır.  İstedad və bacarıqlarını tam gerçəkləşdirə bilmələri üçün hər cür şərait yaradılan xanımlar gündən-günə çiçəklənən respublikamızın iqtisadi qüdrətinin artmasında əllərindən gələni əsirgəmirlər. Fırtınalar qoynunda  mütəmadi səfərlərə çıxan dənizçi xanımlar isə cəsarət və peşəyə bağlılıqlarına görə kimsədən geri qalmırlar.

Hörmətli xanımlar!

Sizi bir daha ülvilik, zəriflik və gözəllik  rəmzinə çevrilmiş, bahar  təravətli 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, Sizə yeni-yeni müvəffəqiyyətlər diləyirəm. Gözlərinizdən sevinc, üzünüzdən təbəssüm heç vaxt əskik olmasın!

 

Rauf  Vəliyev,  

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri