- XƏBƏRLƏR -
317 Arxiv
Gənclərimizin ümidləri doğrultduqlarını müşahidə etmək çox xoşdur
2021.02.02 10:25

Əziz gənclər!

2 fevral  Azərbaycan Gəncləri Günüdür.

Gənclər üçün bu əlamətdar tarixi gün onlara həmişə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd edilir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Ulu öndərin kursunu layiqincə davam etdirməsi nəticəsində hazırda Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin yüksək təhsili, mənəvi inkişafı, vətənə, milli adət-ənənələrə dərindən bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Ölkə başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, – sözləri Azərbaycan dövlətinin gənclərə etimadının və dəstəyinin bariz nümunəsidir.

Cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı təmin olunan Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini də unutmur və möhtərəm Prezidentimizin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməklə göstərilən etimadı layiqincə doğrultmağa çalışır.

Hamımız fəxr edirik ki, Azərbaycanda vətənpərvər nəsil yetişib. Məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə yetişən bu gənc nəsil torpaqlarımızı işğaldan azad etdi. Təbii ki, Böyük Qələbəmizdə bütün nəsillərin payı olsa da, yanvarın 15-də Şuşada – Cıdır düzündə çıxışı zamanı Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Sıralarında dənizçilərin də az olmadığı bu cavanların məhz vətənpərvərlik ruhu bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.

Heydər Əliyev Fondu da gələcəyimiz olan gənclərin ən böyük himayəçisi və dəstəkçisi kimi tanınır. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi bu Fond tərəfindən həyata keçirilən layihələr, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın şəxsi təşəbbüsü ilə reallaşdırılan layihələr gənclərin istedad və bacarıqlarının üzə çıxarılmasında, onların fəallığının artırılmasında mühüm rol oynayır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin çoxminli kollektivinin  də  böyük bir hissəsini  yüksək vətəndaşlıq hislərinə malik  gənclər təşkil edir. ASCO-nun rəhbərliyi də bütün çətin və şərəfli vəzifələrin həllində onların istedad və bacarığına, təşəbbüskarlığına arxalanır. Etiraf edim ki, gənclərimizin  ümidləri doğrultduqlarını müşahidə etmək həmişə çox xoşdur.

Bu gün bütün zəruri tədbirlərlə gənc nəslin cəmiyyətin həyatında layiqli təbəqə kimi iştirakı təmin olunur. Əminik ki, vətənpərvər gənclərimiz də Azərbaycanın daha işıqlı sabahını təmin edəcəklər.

Əziz gənclər! Sizi Gənclər Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, xoşbəxtlik, təhsildə və əməkdə yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək!

 Rauf  Vəliyev,                                   

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”                    

Qapalı Səhmdar Cəmiyyətinin sədri