- XƏBƏRLƏR -
119 Arxiv
Qurban bayramınız mübarək olsun!
2020.07.30 10:22

Hörmətli həmkarlar!

Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət, doğma Azərbaycanımızın tərəqqisi, dəniz nəqliyyatının inkişafı naminə çətin və şərəfli işinizdə uğurlar arzulayıram.

Qurban, sivilizasiyanın möhtəşəm səhifəsini təşkil edən İslamın Uca Yaradana sonsuz məhəbbət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmətlə yanaşı, bəşər övladına mərhəmət və dözümlülük təlqin edən mübarək bayramlarındandır.

Mütərəqqi dinimizin dəyərlərini ən yüksək mahiyyətə malik mənəvi dəyərlər hesab edən Ulu öndər Heydər Əliyev xalqın etiqad azadlığını təmin etmək üçün hələ 1994-cü il mayın 21-də, Qurban bayramında Bibiheybət ziyarətgahına gələrək dövlətimizin dinlə bağlı əsas strategiyasını bəyan etdi. Ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev etiqad azadlığımızın qarantı olduğu bu illərdə  xalqımızın milli-mənəvi dəyərləri və ənənələrinə  həmişə böyük ehtiramla yanaşıb. Dövlət başçımızın rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa olunduğunu müşahidə etmək də olduqca xoşdur.

Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlıqlarının bərqərar edildiyi ölkəmizdə dövlət səviyyəsində böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

Əziz dənizçilər!

Bütün dünyanı cənginə alan “COVID-19” təhlükəsi hələ  başımızın üstündən tam sovuşmadığına görə, mübarək bayramı bu dəfə həmişəki təntənə ilə qeyd edə bilməsək də, inanıram ki, hər birimizin  dilində Azərbaycanın tərəqqisi, Milli Ordumuzun qəhrəmanlıq və fədakarlıq qüdrətinin artması, torpaqlarımızın işğaldan azad olunması, xalqımızın səadəti üçün dualarımız əskik olmayacaq.

Qoy mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz dualar, kəsdiyiniz qurbanlar Uca Tanrı dərgahında qəbul olunsun və Yaradan  mərhəmətini heç zaman xalqımızın və müstəqil dövlətimizin üstündən əskik etməsin.

Qurban bayramınız mübarək olsun!

Rauf VƏLİYEV,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri