- XƏBƏRLƏR -
495 Arxiv
Tədris gəmisində təlim keçirilib
2019.10.25 09:54

Bu gün “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının “Sabit Orucov” gəmisində üzmə təcrübəsi keçən tələbələrinə “ASV-2” qəza nəfəsalma aparatından istifadə qaydalarına dair praktiki təlim məşgələləri keçirilib.

Tələbələrə “Yanğın həyəcanı” siqnalı zamanı görüləcək tədbirlər haqqında nəzəri bilgilər çatdırıldıqdan sonra gəmi kapitanının göstərişi ilə həyəcan siqnalı verilib. Şərti yanğının söndürülməsi mümkün olmadığı üçün sərnişinlər və gəmi heyəti kapitanın ”gəmini tərk et” əmrini alıb. Kollektiv xilasetmə qayığı suya endirilib. Bu prosesin bütün incəlikləri “Sabit Orucov” tədris gəmisinin heyəti tərəfindən tələbələrə ətraflı izah olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələri 4 illik tədris müddətində ümumilikdə 52 həftə üzmə təcrübəsində olurlar. ASCO-nun Xəzərdə üzən müxtəlif təyinatlı gəmiləri ilə yanaşı, Qara və Aralıq dənizlərində də yükdaşımalarla məşğul olan gəmilərdə təcrübə keçən tələbələr nəzəri biliklərin praktik tətbiqini real şəraitdə görürlər.

2016-cı ildən etibarən ASCO tərəfindən “Sabit Orucov” təlim-tədris gəmisi ADDA-nın ixtiyarına verilib. Digər gəmilərdə olduğu kimi burada da hər üç ixtisasın tələbələri nəzəri dərslərlə yanaşı təlim prosesində də iştirak etmək imkanı qazanıblar.