- XƏBƏRLƏR -
1057 Arxiv
ADDA-nın yeni rektoru kollektivə təqdim olunub
2019.04.05 01:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel  2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyin olunmuş Heydər Əsədov bu ali təhsil müəssisəsinin kollektivinə təqdim edilib.

Tədbirdə əvvəlcə ADDA-nın mərhum rektoru Çingiz Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ASCO-nun sədri Rauf Vəliyev Akademiyanın tarixindən, yaşatdığı ənənələrdən, son illər təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Heydər Əsədovu təbrik edən Sədr yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

ASCO-nun sədri bildirib ki, Heydər Əsədova hər zaman böyük etimad göstərilib, ölkənin müxtəlif vacib qurum və strukturlarında yüksək vəzifələr tutub. Rauf Vəliyev əminliyini ifadə edib ki, ADDA elmi potensialını Heydər Əsədovun zəngin təcrübəsi hesabına gücləndirməkdə davam edəcək, kadr hazırlığının səviyyəsini daha da yüksəldəcək.

Azərbaycan Dövlət Dəniz Akademiyasının yeni rektoru  Heydər Əsədov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib və bu etimadı doğrultmaq üçün çalışacağını deyib.