- XƏBƏRLƏR -
231 Arxiv
Gözlərinizdən sevinc, üzünüzdən təbəssüm əskik olmasın!
2019.03.07 06:48

Hörmətli xanımlar!

Sabah Sizin – çiçəkdən zərif analarımızın, bacılarımızın, qızlarımızın bayramıdır.Sizi, zərif cinsin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışan bütün nümayəndələrini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.

Gözəlliyin və sədaqətin rəmzi olan, öz  zəkası, dəyanəti, ocağına və torpağına hədsiz məhəbbəti ilə seçilən, daxili aləminin zənginliyini layiqincə qoruyub saxlayan Azərbaycan qadını mürəkkəb sosial-siyasi dəyişikliklərin baş verdiyi ən müxtəlif dövrlərdə də cəmiyyətimizin dayağı olmuş, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır.

Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan dahi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, mahir siyasi xadimlər bəxş etmişdir. Anaların ən böyük xidməti isə varlığımızın anası saydığımız torpaqlarımızı qoruyan, onun yolunda canından keçməyə hazır olan övladlar böyütmələridir.

 “Qadın böyük qüvvədir” deyən Ulu öndər Heydər Əliyev zərif cinsin hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin  tərkib hissəsi hesab edir, milli qadın hərəkatının formalaşması üçün böyük işlər görürdü. Ümummilli liderin müəllifi olduğu və müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların  fəal iştirakının hüquqi bazasını yaratdı.

Azərbaycanın müasir həyatının bütün sahələrində qadınlarımızın artan nüfuzunu və yüksək mövqeyini hiss etmək çətin deyil. Hazırda qadınların çətin və mürəkkəb sahələrdə də uğur qazanmaları  ölkəmizdə zərif cinsin nümayəndələrini daha da ucaltmağa yönəlmiş güclü qadın siyasətinin məntiqi nəticəsidir. Ulu öndərin siyasi kursunun möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi qadınlara malik olduqları çox böyük potensiallarını təsdiq edə bilmələrinə, cəmiyyətdə daha səmərəli fəaliyyətlərinə geniş imkan yaradır. Bu gün bütün dünya Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, milli dəyərlərimizin və mədəniyyətimizin böyük təbliğatçısı, ümummili problemlərimizin beynəlxalq müstəviyə çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının nəyə qadir olduğunun bir daha şahidi olur.

ASCO-nun həyatını da xanımlarsız təsəvvür etmək mümkün deyil. Hazırda Gəmiçiliyin çoxşaxəli və mürəkkəb təsərrüfatında yüzlərlə qadın çalışır.  İstedad və bacarıqlarını tam gerçəkləşdirə bilmələri üçün hər cür şərait yaradılan xanımlar gündən-günə çiçəklənən respublikamızın iqtisadi qüdrətinin artmasında əllərindən gələni əsirgəmirlər. Fırtınalar qoynunda  mütəmadi səfərlərə çıxan dənizçi xanımların cəsarəti, iradəsi və peşəyə bağlılığı isə hər kəsdə  heyranlıq doğurur.

Hörmətli xanımlar!

Sizi bir daha ülvilik, zəriflik və gözəllik  rəmzinə çevrilmiş, bahar  təravətli 8 Mart bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edir, Sizə yeni-yeni müvəffəqiyyətlər diləyirəm. Gözlərinizdən sevinc, üzünüzdən təbəssüm heç vaxt əskik olmasın!

Bayramınız mübarək!

 Rauf  Vəliyev,                                 

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri