- XƏBƏRLƏR -
201 Arxiv
Yeni təbliğat kampaniyası
2019.02.11 12:42

Azərbaycan Dövlət Dəniz Akademiyası 2019-cu ildə tələbə qəbuluna hazırlıq çərçivəsində Təhsil Nazirliyinin dəstəyi ilə yeni təbliğat kampaniyasına start verib. Akademiyanın aparıcı müəllimləri həm paytaxtımızın, həm də müxtəlif rayonların orta ümumtəhsil məktəblərində buraxılış siniflərinin şagirdləri ilə görüşlər keçirir, respublikamızda yeganə ali dənizçilik məktəbi olan ADDA-da tədrisin təşkili, mövcud ixtisaslar, tələbələrə yaradılan şərait, güzəştlər və s. barədə gənclərə ətraflı məlumat verirlər. Bu görüşlərdə Dəniz Akademiyası haqqında videomateriallar, plakatlar nümayiş etdirilir, abituriyentlərin suallarına aydınlıq gətirilir. Bildirilir ki, tələbələrimiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hərtərəfli köməyi ilə geyim forması, dərs vəsaitləri, gündə 2 dəfə isti yeməklə ödənişsiz qaydada təmin edilir, ehtiyacı olanlara Bakının mərkəzində yerləşən tələbə yataqxanasında yer verilir. Əlaçı tələbələrə dövlətimizin ayırdığı təqaüdlə yanaşı, Gəmiçiliyin vəsaiti hesabına əlavə təqaüd ödənilir. Akademiyanı yüksək göstəricilərlə bitirən məzunlarımız Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində və sahil təşkilatlarında işlə təmin olunurlar. Təsadüfi deyil ki, diplomu 170-dən çox dövlətdə tanınan ADDA-da Rusiya, Türkiyə, Ukrayna, Türkmənistan, Gürcüstan, Qazaxıstan və s. ölkələrdən gənclər təhsil alırlar. Bu, Azərbaycan Dövlət Dəniz Akademiyasının ali dənizçilik məktəbi kimi ildən-ilə artan nüfuzundan xəbər verir.

Dəniz Akademiyası yeni tələbə qəbulu kampaniyası ərəfəsində keçirilən görüşlərin təşkilində rayon təhsil şöbələrinin və orta məktəblərin dəstəyinə görə minnətdarlığını bildirir, gənclərimizə imtahanlarda uğurlar arzulayır.