- XƏBƏRLƏR -
9825 Arxiv
Dəniz Akademiyasında açıq mühazirə
2016.02.03 15:00

Ukraynanın Odessa şəhərində yerləşən Dəniz Mühəndis Bürosu MDB məkanında gəmi layihələndirilməsi ilə məşğul olan ən tanınmış və nüfuzlu layihə təşkilatlarındandır. Bu günlərdə Dəniz Mühəndis Bürosunun baş direktoru Gennadi Yeqorov və baş konstruktoru Valeri Tonyuk Bakıda işgüzar səfərdədirlər. Səfərin məqsədi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlıq barədə danışıqlar aparmaq, ölkəmizdə gəmiqayırma sənayesinin perspektivləri ilə yaxından tanış olmaqdır.

 

Fevralın 3-də odessalı qonaqlar Azərbaycan Dövlət Dəniz Akademiyasında oldular. Dəniz Akademiyasının rektoru Çingiz Əliyev tədris prosesinin təşkili, tələbələr üçün yaradılan şərait, dənizçilik təhsilinin maddi-texniki bazası barədə onlara ətraflı məlumat verdi.

 

Texnika elmləri doktoru, professor Gennadi Yeqorov müəllim və tələbələr üçün açıq mühazirə ilə çıxış etdi. Mühazirədə Xəzər hövzəsində gəmiçiliyin tarixi və inkişafı ilə yanaşı, gəmiqayırma sahəsində perspektivlər, gəmi layihələndirilməsinin özəllikləri, müxtəlif təyinatlı gəmilərin inşası və istismarı ilə bağlı aktual məsələlər, müasir tendensiyalar əhatə olunmuşdu. Tələbələrin və müəllimlərin böyük marağına səbəb olan açıq mühazirə alqışlarla qarşılandı.

 

Sonra Gennadi Yeqorov və Valeri Tonyuk Dəniz Akademiyasının tarix müzeyi ilə tanış oldular, fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

 

Fevralın 4-də Odessa Dəniz Mühəndis Bürosunun baş direktoru və baş konstruktoru Bakı Gəmiqayırma Zavodunda olacaq, müəssisənin texniki imkanlarını daha yaxından öyrənəcək, sonra isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi ilə görüşəcəklər.