- XƏBƏRLƏR -
10168 Arxiv
Rauf Vəliyev: “Gənclər mənim Gəmiçilikdə ən çox güvəndiyim qüvvədir”
2016.02.02 13:00

2 fevral – Gənclər Günündə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Gəmiçilikdə çalışan gənclərlə və Dəniz Akademiyasının tələbələri ilə görüşüb.

 

Qeyri-rəsmi şəraitdə keçən görüşü Rauf Vəliyev “Gənclər mənim Gəmiçilikdə ən çox güvəndiyim qüvvədir” sözləri ilə başladı. O bildirdi ki, Gənclər bizim gələcəyimizdir, inkişafın və müasirləşmənin ön cəbhəsidir. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi əhəmiyyətə malikdir. Gənclərə diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Ümummilli liderimiz deyirdi ki, “cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməli, lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir.” Əgər Heydər Əliyev, hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü.

 

Rauf Vəliyev Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumunun xüsusi rolu olduğunu söylədi. 1996-cı il fevralın 2-də keçirilən bu forum Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. Hazırda bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

 

Gəmiçiliyin sədri onu da qeyd etdi ki, Dövlət başçısı daim gəncləri böyük qüvvə kimi qiymətləndirərək, informasiya-kommunikasiya texnologiyaları əsrində yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Prezident İlham Əliyev bildirir ki, “neft-qaz Tanrıdan verilən böyük nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez, bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.“

 

Rauf Vəliyev Gəmiçilikdə aparılan islahatlardan, onun inkişaf perspektivlərindən, müasir beynəlxalq standartlara cavab verən bir şirkət quruculuğundan geniş söhbət açdı, bu işlərdə gənclərə güvəndiyini bir daha vurğuladı: “Bizim sizə ehtiyacımız var. Bu, ölkə rəhbərliyinin apardığı siyasətin bir hissəsidir. Bizim də borcumuz bu siyasətə öz dəstəyimizi verməkdir.”

 

Tam səmimi şəraitdə davam edən görüşdə, gənclər onları düşündürən suallarla Gəmiçiliyin sədrinə müraciət etdilər. Suallar göstərdi ki, bu gün gəncləri Gəmiçilikdə kadr siyasəti, tədris və istehsalat təcrübələrinin təşkili, sosial problemlərin həlli, donanmanın yeniləşdirilməsi, tələbələrin hərbi xidmətdən sonra işlə təminatı və s. kimi məsələlər maraqlandırır. Rauf Vəliyev bütün suallara ətraflı cavab verdi, gənclərə bu məsələlərdə tövsiyələrini çatdırdı.

 

Görüşdə Gəmiçiliyin gənclərlə iş üzrə mütəxəssisi Cabir Süleymanlı təqdimatla çıxış edərək, “AXDG” QSC-də gənclərə münasibətdən,  o cümlədən işə qəbulda məhz onlara üstünlük verilməsindən, karyera imkanlarından danışdı. Bildirdi ki, bu gün Gəmiçilik işçilərinin 26%-i, 2015-ci ildə karyera yüksəlişi olanların 51%-i gənclərdir.

 

Görüşün sonunda əməkdə və təhsildə fərqlənən gənclərə qiymətli hədiyyələr təqdim olundu, xatirə şəkilləri çəkildi.