- XƏBƏRLƏR -
9692 Arxiv
Bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayət
2016.02.25 11:14

Ümummilli liderimiz Heydər Əliyev Xocalı faciəsini “Ağlasımaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı, bütün bəşəriyyətə qarşı cinayət” kimi qiymətləndirmişdi. Bu soyqırımı qurbanlarının xatirəsi, ölkəmizin hər yerində olduğu kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində də anıldı.

 

Fevralın 25-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasimində müəllim və tələbələrlə yanaşı, Gəmiçiliyin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, dənizçilər  iştirak edirdilər.  

 

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

 

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev çıxışında tariximizin ən qanlı hadisələrindən olan bu bəşəri cinayətin ağır nəticələrindən danışdı, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırdı.  

 

Bildirildi ki, 24 il əvvəl fevralın 25-dən 26-sına keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının yaxından iştirakı ilə ermənilərin Xocalıda dinc əhaliyə tutduqları divan zamanı 613 nəfər qətlə yetirilmiş,1275 nəfər girov götürülmüşdür. 150 nəfərin taleyindən indiyədək xəbər yoxdur. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Qadınlara, qocalara, uşaqlara, hətta südəmər körpələrə belə rəhm edilməmiş, süngüdən keçirilmişlər.

 

Natiq Xocalı faciəsinin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması istiqamətində məqsədyönlü fəaliyyətə Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandığını, məhz Ulu Öndərin təşəbbüsü ilə bu cinayətə siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-sının “Xocalı soyqırımı günü” elan edildiyini vurğuladı. Xocalı soyqırımı haqqında həqiqətlərin Ulu Öndərin layiqli varisi, möhtərəm Prezidentimiz  İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq ictimaiyyətə çatdırılması üçün həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində artıq dünyanın bir çox ölkələri Xocalı soyqırımını tanıdıqlarını bildiriblər.

 

Dünyanın bu qətliamın gerçək qiymətini verməsi üçün Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi qeyd olundu. Məhz Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsləri ilə son illərdə bir sıra ölkələrdə Xocalı soyqırımının tanınması ilə bağlı kütləvi aksiyalar və tədbirlər keçirilir.

 

Sonra səhnə gənclərin ixtiyarına verildi. Xocalı ağrısı, Xocalı dərdi, Xocalı qətliamı poeziyanın, musiqinin, səhnə əsərlərinin dili ilə mərasim iştirakçılarına çatdırıldı. Gələcəyin dənizçiləri Təhsil Nazirliyinin Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin kollektivi ilə anım mərasimi iştirakçılarına duyğu dolu anlar yaşatdılar. Birgə hazırladıqları və Xocalı soyqırımına həsr olunmuş “Lay-lay, Xocalım lay-lay” ədəbi-bədii kompozisiyası təkcə yaddaşları bir daha silkələmədi, qaniçən ermənilərə nifrət hissini gücləndirdiyi kimi, xalqımıza qarşı törətdikləri bir çox cinayətlərə, o cümlədən Xocalı soyqırımına görə ədalətli mühakimədən yaxa qurtara bilməyəcəkləri ilə bağlı inamımıza da inam qatdı.