- XƏBƏRLƏR -
273 Arxiv
ASCO əməkdaşları dənizçi tələbələrə işə qəbulla bağlı təqdimat keçiriblər
2024.10.09 15:00

ASCO-nun İnsan resurslarının idarə edilməsi departamentinin (İRİD) əməkdaşları Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri ilə işə qəbul prosesi ilə bağlı maarifləndirmə məqsədilə görüş keçiriblər.

Görüşdə İRİD-in gənclərlə iş üzrə koordinatoru Gülçin Aslanova “Karyera inkişafı:uğurlu gələcəyin planlaması” mövzusunda təqdimatla çıxış edib. O, tələbələrə uğurlu karyera planlaması, eləcə də vəzifə yüksəlişinə nail olmaq üçün bilik və bacarıqların davamlı artırılmasının əhəmiyyəti barədə ətraflı məlumat verib.

İRİD-in işə qəbul prosesi üzrə mütəxəssisi Nigar Hüseynli təqdimatında “ASCO-da işə qəbul qaydaları” barədə iştirakçılara zəruri məlumatlar verib. O, vakansiyaların elan olunması mərhələsindən başlayaraq uyğun namizədlərin seçimi mərhələsinədək bütün incəliklər haqqında tələbələrə maraqlı olacaq bir sıra məsələlərə aydınlıq gətirib.

Görüşdə İRİD-in “Handysize” tipli gəmilər üçün işə qəbul prosesini həyata keçirən əməkdaşı Aynur Əbilova “Peşəkar CV hazırlamaq:uğurlu karyeraya doğru ilk addım” mövzusunda geniş təqdimat edib. Aynur Əbilova təqdimatında öz praktiki və nəzəri biliklərini paylaşıb.

Ümumilikdə görüş çərçivəsində İRİD nümayəndələri gənclərə gələcək karyeralarında hədəf və məqsədlərinə daha rahat çata bilmələri üçün tövsiyələrini veriblər. Onlar həmçinin ASCO-nun donanmaları, xüsusilə son dövrlərdə istismara verilən “Handysize” və “Aframax” tipli gəmilər haqqında da danışıb və bu nəhəng gəmilərdə çalışmaq üçün yaxşı oxumağın vacibliyini gənclərin nəzərinə çatdırıblar.

Yekunda tələbələri maraqlandıran bütün suallar cavablandırılıb, onların fikirləri dinlənilib.