- XƏBƏRLƏR -
1644 Arxiv
Azərbaycan COP29-a sədrliyinin əhəmiyyətinin plenar müzakirəsi
2024.05.31 15:06

“Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-də “Yaşıl dünya və iqlim dəyişikliyi naminə həmrəylik” mövzusunda panel müzakirəsi keçirilib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün tədbirlər planının icrası məqsədilə keçirilən panel müzakirəsində Akademiyanın professor-müəllim və tələbə heyəti ilə yanaşı, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının əməkdaşları da iştirak edib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası üçün canından keçən  şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Vüqar Sadıqov mövzunun aktuallığından, ekoloji biliklərin təbliğindən, vətəndaş cəmiyyətinin inkişafında bu kimi məsələlərin xüsusi əhəmiyyətindən bəhs edərək gənc nəslin tərbiyəsində ekoloji dünyagörüşün formalaşmasının, ətraf mühitin qorunmasının əhəmiyyətini xüsusi vurğulayıb. Ölkəmizdə COP29 tədbirlər planına uyğun genişmiqyaslı işlərin görülməsinin, aksiyaların təşkil edilməsi və ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin bugünkü vacib məsələlərdən olduğu qeyd edilib.

Tədbirdə Akademiyanın “Tətbiqi mexanika” kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, professor Vaqif Həsənov iqlim dəyişikliyi və onun canlı aləmə təsirindən, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasından, həmin ərazilərdə “yaşıl zona”, “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” kimi innovativ yanaşmaların tətbiq edilməsindən danışıb.

BMT-nin eksperti, “Green Solution Strategies” MMC-nin təsisçisi və icraçı direktoru İsa Əliyev çıxışında iqlim dəyişikliklərinin törədə biləcəyi fəsadlardan və gözlənilən çətinliklərin aradan qaldırılması məqsədilə dünya ölkələrinin görəcəyi tədbirlərdən bəhs edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis sistemlərinin və qurğularının tikintisi” kafedrasının müdiri, BMT-nin enerji səmərəliliyi üzrə eksperti, professor Nurməmməd Məmmədov inşaat sektorunda ətraf mühitə atılan zərərli tullantıların azaldılması üçün kompleks tədbirlərdən və ətraf mühitin qorunub saxlanılmasının vacibliyindən danışaraq, Prezident İlham Əliyevin bu sahəyə verdiyi önəm və diqqətdən söz açıb.

Akademiyanın “İngilis dili” kafedrasının müdiri, professor Gülçöhrə Alıyeva iqlim dəyişmələrinin Azərbaycana təsirlərindən, bəşəriyyətə vurduğu ziyanlardan, bu sahədə görülən qabaqlayıcı tədbirlərdən danışıb və nəticə olaraq maarifləndirmə işlərinin gücləndirilməsində bütün insanların üzərinə düşən böyük məsuliyyətdən bəhs edib.

Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb. “Humanitar elmlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev çıxış edərək iqlim dəyişmələrində təbiət və cəmiyyət hadisələrinin rolu haqqında düşüncələrini bölüşüb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən başlayaraq hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. Müxtəlif ölkələrin ev sahibliyi ilə təşkil olunan beynəlxalq tədbirin 29-cu konfransı (COP29) noyabrın 11-dən 22-dək paytaxtımız Bakıda keçiriləcək.