Mayın 2-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Su nəqliyyatının problemləri” mövzusunda 19-cu Beynəlxalq elmi-texniki konfransın açılış mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açıq elan edən Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov konfrans iştirakçılarını salamladıqdan sonra dövlət himni səslənib.
Vüqar Sadıqov bildirib ki, son illərdə Akademiyada təşkil olunan bu kimi konfranslar Ulu Öndər Heydər Əliyevin apardığı siyasətin davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin uğurlarının əldə olunduğu dövrlərə təsadüf edir. Bu səbəbdən də konfransın Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmasını qürur hissi ilə qeyd edə bilərik.
Konfransın proqramına uyğun olaraq “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev “Heydər Əliyev şəxsiyyəti – müasir Azərbaycanın müstəqilliyini və suverenliyini şərtləndirən amillərdən biridir” mövzusunda məruzə ilə çıxış edib.
183M1 qrup magistrantı Kamran Mənsimov Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhtəşəm rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun, xalqımızın sarsılmaz birliyinin və vəhdətinin nəticəsi olaraq doğma Qarabağımızın düşmən işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə bağlı məruzəsini təqdim edib.
Daha sonra plenar iclasda çıxış edən Heydər Əliyev adına Hərbi İnstitutun Elmi-tədqiqat şöbəsinin professoru Minəvər Məmmədova və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun aparıcı elmi işçisi, professor Aydın Muradəliyev konfransın işinə uğurlar arzulayıblar.
Akademiyanın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Nəsir Hüseynov elmi-texniki konfransın məqsədindən danışıb. Qeyd edib ki, Beynəlxalq elmi-texniki konfrans müxtəlif ölkələrin universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən alimləri, gənc tədqiqatçıları və istehsalatda çalışan aparıcı mütəxəssisləri bir araya gətirmək məqsədini daşıyır. N. Hüseynov konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, elmi məruzələr 5 bölmə üzrə dinləniləcək. Elmi-texniki konfransa ümumilikdə 69 məruzə təqdim edilib. Konfransa təqdim olunmuş məruzələrin 37-si ADDA, 32-si isə digər ali məktəblərdən, o cümlədən xarici ölkələrdən daxil olmuşdur. Ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində çap edilməsi nəzərdə tutulur.
Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini bölmələrdə davam etdirib.
Konfransa mayın 3-də yekun vurulub.