Mayın 1-də Bakı Gəmiqayırma Zavodunun nümayəndələri Azərbaycan Dövlət Dəniz Akademiyasında olublar.
ADDA-nın rektoru Heydər Əsədovla görüşdə Akademiyanın tələbələri üçün tədris və təcrübənin təşkili sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. H. Əsədov Akademiyanın tələbələri üçün Bakı Gəmiqayırma Zavodunda 2014-2024-cü illərdə yüksək keyfiyyətli təcrübənin təşkilində birgə əməkdaşlığa və təcrübəni uğurla bitirən tələbələrin sertifikatlarla yüksək səviyyədə təmin etdilməsinə görə BGZ rəhbərliyinə və yerlərdə təcrübənin təşkilinə cəlb olunmuş əməkdaşlarına təşəkkürünü bildirib. Daha sonra Akademiyada tədris prosesinin təşkili, tədris üçün yaradılan şərait və tələbə kontingenti barəsində ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatının müvafiq siyahısında dünya dənizçılık ali məktəbləri sırasında yer alır, yüksək ixtisaslı dənizçi kadrları hazırlayır. Akademiyada müxtəlif ölkələrdən əcnəbi tələbələr də təhsil alırlar. Tədris prosesinin beynəlxalq standartlar səviyyəsində qurulması üçün lazımi şərait yaradılıb.
Bakı Gəmiqayırma Zavodunun Mühəndislik Şöbəsinin Meneceri Samir Muradov BGZ-nin Akademiya ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Akademiyada yüksək ixtisaslı kadrların hazırlanması üçün lazım olan təlim, tədris və təcrübə proqramlarının həyata keçirilməsinə Zavodun yüksək ixtisaslı və təcrübəli əməkdaşlarının cəlb edilmə imkanlarından söhbət açıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Daha sonra Bakı Gəmiqayırma Zavodunun Təlim və İnkişaf bölməsinin rəhbəri Nəcəf Mustafayev və Tədris mərkəzinin əməkdaşları Akademiyanın akt zalında tələbə və professor-müəllim heyəti ilə görüş keçiriblər. Görüşdə Zavodun fəaliyyətini və 11 ildə Akademiyanın tələbələri üçün təşkil olunan təcrübələri əks etdirən videoçarx izlənib. Yekunda Bakı Gəmiqayırma Zavodununda 16.02.2024 – 26.04.2024 – cü il tarixlərində təcrübə keçən və təcrübəni müvəffəqiyyətlə başa vüran Akademiyanın “Gəmiqayırma və gəmi təmiri mühəndilsiyi” ixtisasının IV kurs tələbələrinə müvafiq sertifikat və hədiyyələr təqdim edilib.