- XƏBƏRLƏR -
441 Arxiv
Türkiyəli qonaqlarla görüş
2024.04.18 16:35

Aprelin 18-də Türkiyə Respublikasının İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun nümayəndə heyəti Azərbaycan Dövlət Dəniz Akademiyasında olub.

ADDA-nın rektoru Heydər Əsədovla görüşdə ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib. ADDA-nın rektoru qonaqları salamlayaraq, Akademiyada təhsilin pillələri, tədris şəraiti, tələbə kontingenti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatının müvafiq siyahısında dünya dənizçılık ali məktəbləri sırasında yer alır, yüksək ixtisaslı dənizçi kadrları hazırlayır, eyni zamanda nəzdindəki Təlim Tədris Mərkəzi vasitəsilə dənizçiləri sertifikatlandırır. ADDA-da dünyanın müxtəlif ölkələrindən əcnəbi tələbələr də təhsil alır. Bu işlərin beynəlxalq standartlar səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb.

Akademiyanın  tabeçiliyində olduğu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) tələbələrin nəzəri hazırlığı ilə yanaşı, praktiki vərdişlərə yüksək səviyyədə yiyələnmələri üçün tədris gəmisi ayırıb. Bununla yanaşı, bütün tələbələr öz istehsalat və üzmə təcrübələrini ixtisasdan asılı olaraq ASCO-nun donanmalarında və gəmi təmiri zavodlarında, habelə müxtəlif yerli və xarici şirkətlərin gəmilərində keçirlər.

İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) direktoru Mustafa Latif Emek birgə təşkilatçılıq çərçivəsində təklif etdiyi konfranslar, layihələr, elmi nəşrlər, təbliğat işləri barədə danışaraq, Türkiyə ali məktəblərində ADDA-nın tanıdılması, elm sahəsi, akademik dairələrlə əməkdaşlığa töhfə vermək üçün  birgə tədqiqat layihələrinin və proqramlarının hazırlanması və həyata keçirilməsi imkanlarından söhbət açıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.