- XƏBƏRLƏR -
1729 Arxiv
ADDA-da nümunəvi dərs
2024.02.22 15:55

Fevralın 22-də “ADDA” PHŞ-də  Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin 2024-cü il üçün hazırlıq planına uyğun olaraq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində Akademiyanın professor-müəllim və tələbə heyəti üçün “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Nümunəvi dərsi giriş sözü ilə açan ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov belə maarifləndirici tədbirlərin həm professor-müəllim heyəti, həm də tələbələr üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra  Bakı Regional Mərkəzinin zabitləri Nazir Əkbərov, Toğrul Vəliyev və başqaları “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili”, “Zəlzələ zamanı davranış qaydaları”, “112 qaynar xətti”, “Fərdi mühafizə vasitələri”, “Çimərliklərdə təhlükəsizlik qaydaları”, “Odsöndürücü  balondan istifadə qaydaları” və s. mövzularda prezentasiyalar və videomateriallarla çıxış ediblər.

İnteraktiv formada yüksək peşəkarlıqla keçilən nümunəvi dərs tələbələrin və müəllimlərin canlı marağına səbəb olub.

Tədbirə FHN Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov yekun vuraraq Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu istiqamətdə atılan addımlardan, müxtəlif maarifləndirici tədbirlərin təşkilindən ətraflı söhbət açıb, tələbələrə dəyərli tövsiyələrini çatdırıb.