- XƏBƏRLƏR -
1167 Arxiv
Əməkdaşlığın 10 illiyi
2023.12.24 20:45

Dekabrın 22-də Bakı Gəmiqayırma Zavodu “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının tələbələri üçün tədris və istehsalat təcrübələrinin təşkili ilə əlaqədar əməkdaşlığın 10 illik yubiley tədbiri təşkil edib. Tədbirə Akademiyanın professor-müəllim heyəti və tələbələri də dəvət olunub

Tədbirdə Zavodun Təlim-Tədirs Mərkəzinin rəhbəri Nəcəf Mustafayev təqdimatla çıxış edərək tədris və istehsalat təcrübə programlarının yerinə yetirilməsinin 10 illik hesabatını diqqətə çatdırıb.

Sonra Zavod rəhbərliyinin təşəbbüsü ilə Akademiya tərəfindən təyin olunmuş təcrübə rəhbərlərinə təşəkkür sertifikatları təqdim edilib və əməkdaşlığın gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Akademiya tərəfindən nümayəndə heyətinə rəhbərlik edən “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri, dosent İsaq Xankişiyev sonda çıxış edərək təcrübənin tələbələrin bilik və bacarıqlarının inkişafındakı önəmindən danışıb, Akademiyanın tələbələri üçün yüksək keyfiyyətli təcrübənin təşkilində göstərdikləri köməyə görə Zavod rəhbərliyinə və yerlərdə təcrübənin təşkilində əməyi keçən əməkdaşlara Akademiya rəhbərliyinin təşəkkürünü çatdırıb.