- XƏBƏRLƏR -
929 Arxiv
ADDA-nın MƏTBƏƏSİNDƏ YENİ DƏRSLİKLƏR VƏ DƏRS VƏSAİTİ İŞIQ ÜZÜ GÖRÜB
2023.12.19 09:42

“Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin mətbəəsində mütəmadi olaraq tələbələr üçün yeni dərsliklərin, dərs vəsaitlərinin, metodik göstərişlərin və s. çapı həyata keçirilir.

Bugünlərdə mətbəədə Akademiyanın “Gəmiqayırma və gəmi təmiri” kafedrasının əməkdaşları dosent İsaq Xankişiyev, baş müəllim Allahverdi İsmayılov, assistent Səlim Paşazadə və assistent Laçın Babayevin müəllifliyi ilə “Gəmilərin avtomatlaşdırılmış layihələndirmə sistemləri" adlı dərs vəsaiti nəşr olunmuşdur.

 “İngilis dili” kafedrasının müdiri filologiya elmləri doktoru, dosent Gülçöhrə Alıyevanın müəllifliyi ilə “English”  adlı dərslik də (“Dəniz texnikası və texnologiyası mühəndisliyi” ixtisası üzrə magistratura pilləsində təhsil alan tələbələr üçün)  işıq üzü görmüşdür.

Bundan əlavə “Dəniz naviqasiyası” kafedrasının əməkdaşları dosent Elnur Abbasov və baş müəllim Samirə Gözəlovanın müəllifliyi ilə “Dəniz yolları cografiyası" adlı dərslik də dərc edilmişdir.

Dosent İsaq Xankişiyev, b.m. Allahverdi İsmayılov, assistent Səlim Paaşazadə və assistent Laçın Babayevin müəllifliyi ilə ərsəyə gələn “Gəmilərin avtomatlaşdırılmış layihələndirmə sistemləri" adlı dərs vəsaitində gəmi gövdəsinin CADMATIC proqram təminatından istifadə edərək layihələndirilməsi (CADMATIC HULL), iş sahəsinin və modellərin yaradılması üçün proqramın hazırlanması, istehsal məlumatlarının, hesabatların, gəmi boru xətlərinin CADMATIC proqram təminatından istifadə edərək layihələndirilməsi (CADMATIC OUTFİTTİNG), iş bölgüsü strukturunun yaradılması və çertyojların müxtəlif formatda surətlərinin çıxarılması, proqramın modelləməyə hazırlanması, kitabxanadan istifadə və boru xətlərinin modellənməsi ilə çertyojların hazırlanması haqqında ətraflı məlumatlar öz əksini tapmışdır

 

Filiologiya elmləri doktoru, dosent Gülçöhrə Babəli qızı Alıyevanın müəllifliyi ilə   ərsəyə gələn “İngilis dili”  adlı dərslik “Dəniz texnikası və texnologiyası mühəndisliyi” ixtisası üzrə ali dənizçilik təhsil müəssisələrinin magistratura pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərsliyin əsas məqsədi tələbələrə ixtisas-peşə yönümlü orijinal mətnləri oxuyub anlamağı öyrətmək, onların nitq bacarıq və vərdişlərini inkişaf etdirməkdir. Dərslikdə verilən tapşırıqlar kommunikativ səriştənin bütün komponentlərinin formalaşmasına yönəldilmişdir. Tədris prosesində magistrant mənimsədiyi BDT-nin Standart Dəniz Danışığı İfadələri və ixtisas-peşə terminologiyası çərçivəsində elmi-texniki ədəbiyyatı təhlil etmək bacarığını inkişaf etdirməyə istiqamətləndirilir. Dərsliyə daxil edilən materiallar ixtisasın tədris proqramına, BDT 3.17 Model kursunun tələblərinə, BDT-nin “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbəçəkməyə dair” (STCW-1978) Beynəlxalq Konvensiyasına edilmiş əlavələrə, Təsnifat Cəmiyyəti Qaydalarına və BDT-nin ixtisas üzrə müvafiq tövsiyələrinə uyğundur.

 

Dosent Elnur Abbasov və baş müəllim Samirə Gözəlovanın müəllifliyi ilə “Dəniz yolları cografiyası" adlı dərslikdə Dünya okeanı, onun ayrı-ayrı hissələri, dəniz və daxili su yolları, okeanların iqtisadi zonaları və infrastrukturları, materiklər və regionlar üzrə dəniz dövlətləri, onların limanları haqqında ətraflı məlumatlar verilmişdir. Dərslik magistrantlar, kapitanlar, dənizçilik sahəsində elmi tədqiqatla məşğul olanlar üçün nəzərdə tutulmuşdur. 

 

Müəlliflər hesab edir ki, dərsliklər Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alan tələbələr, magistrantlar, doktorantlar, gəmilərdə çalışan mütəxəssislər üçün faydalı olacaqdır.