- XƏBƏRLƏR -
1061 Arxiv
ADDA-nın MƏTBƏƏSİNDƏ YENİ DƏRSLİKLƏR İŞIQ ÜZÜ GÖRÜB
2023.11.04 14:02

Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin mətbəəsində mütəmadi olaraq tələbələr üçün yeni kitabların və dərs vəsaitlərinin çapı həyata keçirilir. Bura həm ixtisas fənləri, həm də Akademiyada tədris olunan digər ümumi fənlər üzrə kitablar, mühazirələr, metodik göstərişlər daxildir.

Bugünlərdə mətbəədə Akademiyanın “Dəniz naviqasiyası” kafedrasının əməkdaşları dosent Elnur Abbasov və dosent Həzi Nəbiyevin müəllifliyi ilə “Gəmi sürücülüyünün nəzəriyyəsi" adlı dərslik nəşr olunmuşdur.

Bundan əlavə “Gəmi elektroavtomatikası” kafedrasının əməkdaşları dosent Elşən Sultanov, dosent Afaq Səlimova və baş müəllim Ramiz Rüstəmovun müəllifliyi ilə “Gəmi elektrik intiqalının tezlik çeviriciləri ilə idarə olunması”  adlı dərslik də işıq üzü görmüşdür.

Dosent Elnur Abbasov və dosent Həzi Nəbiyevin müəllifliyi ilə ərsəyə gələn “Gəmi sürücülüyünün nəzəriyyəsi" adlı dərslikdə yer səthində müşahidəçinin istiqamətləri, kartoqrafiya proyeksiyaları və dəniz naviqasiya xəritələri, vəziyyət xətləri nəzəriyyəsi, gəminin yolunun analitik (yazılı) üsulla hesablanması, yolun hesablanmasında hidrometeoroloji faktorlaın nəzərə alınması, gəminin manevr ele­ment­­lərinin təyini, böyük dairə qövsü ilə üzmə, qabarma hadisələri, ingilis dəniz xəritələri, üzgüçülük üçün dərs vəsaitləri və rəhbər sənədlər, elektron kartoqrafiya, elektron naviqa­­siya xəritələri və sistemləri haqqında ətraflı məlumatlar öz əksini tapmışdır.

Dosent Elşən Sultanov, dosent Afaq Səlimova və baş müəllim Ramiz Rüstəmovun müəllifliyi ilə   ərsəyə gələn “Gəmi elektrik intiqalının tezlik çeviriciləri ilə idarə olunması”  adlı dərslikdə gəmilərdə tətbiq edilən düzləndiricilər, invertorlar, bilavasitə və birbaşa əlaqəli tezlik çeviriciləri, gəmi elektrik intiqallarında tətbiq edilən asinxron mühərriklərin tezlik çeviriciləri ilə idarə olunması və həmçinin elektron güc qurğularının modelləşdirilməsi haqqında ətraflı məlumat verilir.

Müəlliflər hesab edirlər ki, dərsliklər Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alan tələbələr, magistrantlar, doktorantlar, gəmilərdə çalışan mütəxəssislər üçün faydalı olacaqdır.