- XƏBƏRLƏR -
1175 Arxiv
“Ulu Öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” mövzusunda tədbir keçirilib
2023.10.24 15:35

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100, eləcə də inkişafında Ulu öndərin böyük xidmətləri olan milli gəmiçiliyin əsasının qoyulmasının 165  və Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncamla iki böyük gəmiçilik şirkətinin birləşdirilməsi yolu ilə yenidən təşkil edilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasının 10 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” mövzusunda tədbir keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif dövlət strukturlarının rəhbərləri, qurumun əməkdaşlıq etdiyi yerli və xarici şirkətlərin nümayəndələri, ictimai-siyasi xadimlər, qocaman və qazi dənizçilər, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri iştirak ediblər.

Tədbirdən öncə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, abidəsi önünə əklil qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra tədbirin keçirildiyi “Gülüstan” sarayına gələn iştirakçılar foyedə Ulu Öndər Heydər Əliyevin dəniz nəqliyyatı sahəsindəki misilsiz xidmətlərini, eləcə də milli gəmiçiliyin keçmişini və bugününü əks etdirən foto və məlumatlardan ibarət sərgi ilə tanış olublar.

Burada həmçinin ASCO-nun sifarişi ilə “Heydər Əliyev İli” çərçivəsində toxunmuş xalçanın son ilməsinin kəsilməsi mərasimi keçirilib, qonaqlara xalça kompazisiyasında əksini tapmış ideyalardan bəhs edən videoçarx nümayiş etdirilib. “Aframax” tipli “Qarabağ” gəmisinin təsvirinin də yer aldığı xalça-kompazisiyadakı 100 rəqəmi Ulu Öndərin anadan olmasının 100 illiyini, 165 rəqəmi milli gəmiçiliyin ümumi tarixini, 10 rəqəmi isə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 10 illik yubileyini əks etdirir. Bunlarla bərabər, xalçada Qarabağın müxtəlif tarixi abidələri, eləcə də gül-çiçək, xarıbülbül, yarpaq və s kimi bir çox naxışlar yer alıb.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev qonaqları salamlayaraq bildirib ki, ölkəmizdə gəmiçilik sahəsinin inkişafında və bugünkü mövqeyinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. O, donanmamızı xalqımızın əvəzsiz sərvəti hesab edirdi və Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dəniz nəqliyyatı sahəsinin inkişafını, o cümlədən dənizçiləri xüsusi diqqətdə saxlayırdı. Rauf Vəliyev əlavə edib ki, Ulu Öndərin layiqli davamçısı cənab Prezident  İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə nəqliyyat sektorunda və onun mühüm tərkib hissəsi olan gəmiçilik sahəsində mühüm nailiyyətlər əldə edilib. Azərbaycan indi dünya xəritəsində beynəlxalq nəqliyyat marşutları üzərində əlverişli tranzit mövqeyini möhkəmləndirib və regionda nəqliyyat-logistika qovşağına çevrilməyə müvəffəq olub.

Sədr Prezident İlham Əliyevin iqtisadi və sosial sahələrlə bərabər, siyasi arenada da Ali Baş Komandan olaraq xalqımızın tarixinə qızıl hərflərlə yazılan qələbələrə imza atdığını, yeni reallıqlar yaratdığını qonaqların diqqətinə çatdırıb.

Rauf Vəliyev “Heydər Əliyev İli” və bu il çərçivəsində ASCO-nun həyata keçirdiyi layihələrlə də bağlı fikirlərini bölüşüb. O, “Heydər Əliyev İli”nin dənizçilər üçün bir çox korporativ uğurlarla yadda qaldığını deyib: “Bu il milli gəmiçiliyin tarixində ilk dəfə qiymətli kağızlar tədavülə buraxdıq. Eyni zamanda 2023-cü ildə ASCO-nun fəaliyyət coğrafiyasının genişləndirilməsi və onun Xəzərdənkənar hövzələrdə yükdaşıma potensialının artırılması barədə ölkə rəhbərinin müvafiq tapşırıqlarının icrası istiqamətində hazırda milli donanmamızda mövcud ən böyük gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlər istismara verildi.”

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, gəmiçilik sahəsinə verdiyi töhfələrdən, dənizçilərə sonsuz qayğısından bəhs edən “Xilaskar lider” adlı sənədli film təqdim olunub.

Tədbirdə gəmiçiliyin 165 illik tarixi, milli dənizçilik ənənələri, gəmiçiliyin müasir dövrdəki inkişafından bəhs edən “Üç əsrə şahid” adlı qısametrajlı bədii-sənədli film də təqdim olunub.  

Tədbir tanınmış incəsənət xadimlərinin ifasında Ulu Öndər Heydər Əliyevin sevdiyi və dəniz  haqqında mahnılarla davam edib.