- XƏBƏRLƏR -
4577 Arxiv
ADDA-da “Açıq qapı” günü keçirilib
2023.09.15 16:22

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA)  yeni qəbul olan tələbələr və onların valideynləri üçün  “Açıq qapı” günü keçirilib. 

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev çıxış edərək Bilik Günü münasibətilə tələbələri və valideynlərini təbrik edib, onlara yenicə qədəm qoyduqları tələbəlik həyatlarında uğurlar arzulayıb.

Sədr bildirib ki, müstəqil, müasir, sürətlə inkişaf edən Azərbaycanın parlaq gələcəyi həm də peşəkar kadrlardan asılıdır: “Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazandı. Bununla da, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu inkişafın  davamlı və hərtərəfli olması üçün hər birimizin, o cümlədən siz tələbələrin üzərinə böyük vəzifə düşür. Ümid edirəm ki, yüksək bal toplayaraq ali məktəbə qəbul olduğunuz kimi, yaxşı nəticələrlə də təhsilinizi başa vuracaq, ölkəmizə, xalqımıza layiqli vətəndaş, kadr kimi yetişəcəksiniz.”

Sədr görüşdə tələbələrə gəmiçiliyin tarixi və fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. “Bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165, ASCO-nun Səhmdar Cəmiyyət olaraq fəaliyyətinin 10 illik yubileyini qeyd edirik. Üç əsrə şahidlik edən şirkətin parçası olmaq hər kəs üçün qürurvericidir. Əminəm ki, gələcəyin peşəkar kadrları kimi Azərbaycanın mövcud dənizçilik imkanlarını daha da irəliyə aparacaq və bütün dövrlərdə nüfuzlu sayılan dənizçi peşəsinə layiq olacaqsınız.”

Azərbaycan gəmiçiliyinin hazırkı inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən bəhs edən Rauf Vəliyev, Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunan “Heydər Əliyev İli” çərçivəsində  ASCO-da həyata keçirilən layihələrdən də danışıb. 

Daha sonra sədr Azərbaycan Dövlət Dəniz Akademiyasında yaradılan şərait barədə məlumat verib. Bildirib ki, təhsil ocağına ASCO daim dəstək göstərir və burada mütəxəssislərin hazırlanması, kadr potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirilir.

Savadlı və peşəkar gənclərə Gəmiçilikdə hər zaman ehtiyac olduğunu vurğulayan Rauf Vəliyev ADDA-nın məzunlarının dünyanın hər yerində işləmək imkanlarının olduğunu da qeyd edib.

ADDA rektoru Heydər Əsədov diqqət və qayğıya görə ASCO rəhbərliyinə  təşəkkürünü bildirib, gələcəyin dənizçilərini onlar üçün yaradılmış imkanlardan faydalanmağa çağırıb. Rektor Akademiyada tətbiq olunan yeniliklər haqqında tələbə və valideynlərə  məlumat verib. Qeyd edib ki, Akademiyada peşəkar dənizçi  kadrların hazırlanmasına imkan verən müasir trenajorlar, laboratoriyalar fəaliyyət göstərir.

Görüşdə 500-dən çox bal toplayan 21 tələbəyə ASCO adından qiymətli hədiyyələr  təqdim olunub.

Bu il ən yüksək balla (594,2)  ADDA-nın Dəniz naviqasiyası mühəndisliyi ixtisasına qəbul olan Əli Şirəliyev çıxış edərək dənizçilik peşəsinə marağından danışıb, buranı seçməyinin əsas səbəbini ali təhsil ocağının müasir tədris üsullarına malik olması ilə əlaqələndirib. Əli Şirəliyev ADDA-ya qəbul olan bütün tələbələri təbrik edərək, onlara uğurlar arzulayıb.

Valideynlər adından çıxış edən Mehriban Azadova diqqət və qayğı üçün minnətdarlığını bildirib, 4 il sonra bütün tələbələrin ölkəmizə layiqli kadr kimi yetişəcəyinə əminliyini ifadə edib.

Sonra tələbələrin və valideynlərin sualları cavablandırılıb.

Sonda valideynlər Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.