- XƏBƏRLƏR -
1971 Arxiv
ADDA-nın tələbələri yay istehsalat təcrübəsi keçirlər
2023.08.21 13:53

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) tələbələrinin yay istehsalat təcrübəsi  davam edir.

Yay istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu keçdikləri fənlərin nəzəri əsaslarının təcrübədən alınan biliklərlə zənginləşdirilməsinə şərait yaratmaqdır.

Akademiyanın bütün ixtisaslar üzrə 1, 2 və 3-cü kurs tələbələri ASCO-nun Dəniz Nəqliyyat Donanmasında (DND), Xəzər Dəniz Neft Donanmasında (XDND), Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və Bibiheybət Gəmi Təmiri Zavodunda (BGTZ) istehasalat təcrübəsindədirlər. Həmçinin bir qrup tələbə Bakı Gəmiqayırma Zavodunda təcrübə keçir.

Tələbələr yay istehsalat təcrübəsi zamanı müəssisələrdə, eləcə də gəmilərdə gedən iş prosesi ilə yaxından tanış olur, orada istismarda olan qurğular və avadanlıqları, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birgə çalışmaq və onların iş təcrübələrindən yararlanmaq imkanı əldə edirlər.

Yay istehsalat təcrübəsi 7 sentyabradək davam edəcək. Yekunda  tələbələrin əldə etdikləri təcrübi biliklər qiymətləndiriləcək və nəticələr haqqında hesabatlar tərtib ediləcək.