- XƏBƏRLƏR -
2341 Arxiv
ADDA-da Məzun günü
2023.06.25 15:07

  Iyunun 25-də Azərbaycan Dövlət Dəniz Akademiyasında ikiqat bayram qeyd edilib. Dənizçilərin peşə bayramı ilə yanaşı ADDA-da təntənəli Məzun günü keçirilib.

Tədbirə Akademiyanın müəllimləri və məzunları, valideynlər və qonaqlar toplaşıblar. Dövlət himninin səsləndirilməsi ilə başlayan Məzun günündə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

  ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Elnur Abbasov məzunları təbrik edərək Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olduğunu vurğulayıb. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti xalqımızın milli-mənəvi dəyərləri əsasında müstəqillik, dövlətçilik, azadlıq uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsinə yönəlib.

  Çıxışçılar 44 günlük Vətən müharibəsində iştirak edən məzun və tələbələrimizin erməni təxribatlarının qarşısını alarkən göstərdikləri mərdlik və qəhrəmanlıqlardan danışıblar.

  Akademiyanı “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən 209İ qrup tələbəsi Həsən Namiq və valideyni məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıblar.

  Sonra Akademiyanı fərqlənmə diplomu ilə bitirən məzunlara tərifnamə və hədiyyələr təqdim olunub.

Məzun günü ADDA-nın “Dənizçi” özfəaliyyət ansamblının geniş bədii proqramı ilə yekunlaşıb.