- XƏBƏRLƏR -
1941 Arxiv
Latviyalı qonaqlar ADDA-da
2023.05.24 16:40

      Azərbaycan Dövlət Dəniz Akademiyasında  Riqa Texniki Universiteti nəzdində Liyepaya Dəniz Kollecinin nümayəndə heyəti ilə görüş keçirilib. Səfər Liyepaya Dəniz Kolleci ilə ADDA arasında 2021-2027-ci illər üçün  ERASMUS+ proqramı üzrə imzalanmış müqavilə çərçivəsində baş tutub.

     ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov Azərbaycanda dənizçilik təhsilinin tarixindən, Dəniz Akademiyasının 1996-cı ildə Ümumilli Lider Heydər Əliyevin birbaşa tövsiyəsi ilə yaradılmasından, Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlardan ətraflı söhbət açıb. Bildirib ki, ADDA diplomları beynəlxalq miqyasda tanınan, Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə cavab verən ali dənizçilik təhsili müəssisəsidir.

         Qonaqlar Akademiyanın hər iki korpusunda həm “Dəniz naviqasiyası mühəndisliyi”, həm də “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisaslarında  ingilis dilində tədris alan qruplarda müvafiq beynəlxalq konvensiyalar haqqında mühazirələr oxuyublar.  

       Liyepaya Dəniz Kollecinin nümayəndələri Yuliya Yonkiyene, Davids Kurçatovs və Valeris Laucis  ADDA-nın müasir tədris, trenajor və laborotoriya otaqları, tələbələrin nəzəri hazırlığı ilə yanaşı, praktiki vərdişlərə yüksək səviyyədə yiyələnmələri üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) tərəfindən ayrılmış tədris gəmisi ilə tanış olublar, onları maraqlandıran suallarla müəllim və tələbələrə müraciət ediblər.