- XƏBƏRLƏR -
2673 Arxiv
XVIII Beynəlxalq konfrans işə başladı
2023.05.08 15:00

Mayın 4-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Su nəqliyyatının problemləri” mövzusunda 18-ci Beynəlxalq elmi-texniki konfransın açılış mərasimi keçirilib. Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov konfrans iştirakçılarını salamladıqdan sonra dövlət himni səslənib.

Vüqar Sadıqov çıxışında XVIII Beynəlxalq elmi-texniki konfransın ənənəvi olaraq Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edildiyini vurğulayıb. O, xarici alimlərin iştirakını xüsusi qeyd edərək bildirib ki, onların konfransa onlayn qoşulması bu elmi tədbirin əhəmiyyətini daha da artıracaq.

Sonra iştirakçılar Ümummilli Liderimizin zəngin həyat yoluna, yorulmaz fəaliyyətinə həsr edilmiş videofilmə baxıblar.

Akademiyanın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Nəsir Hüseynov çıxış edərək elmi-texniki konfransın məqsədindən danışıb. Qeyd edib ki, Beynəlxalq elmi-texniki konfrans müxtəlif ölkələrin universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən alimləri, gənc tədqiqatçıları və istehsalatda çalışan aparıcı mütəxəssisləri bir araya gətirmək məqsədini daşıyır. N. Hüseynov konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, elmi məruzələr 5 bölmə üzrə dinləniləcək. Elmi-texniki konfransa ümumilikdə 91 məruzə, o cümlədən 3 xarici ölkədən (Rusiya, Qazaxıstan,  Ukrayna) 13 elmi məqalə təqdim edilib. Ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində çap edilməsi nəzərdə tutulur. 

Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini bölmələrdə davam etdirib.

Konfransa mayın 5-də yekun vurulub.