- XƏBƏRLƏR -
1973 Arxiv
Koreyalı qonaqlarla görüş
2023.05.05 12:07

    Mayın 3-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Koreya Respublikasının İNHA universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

     Elm və təhsil nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov qonaqları ADDA rəhbərliyinə təqdim edərək Koreya ilə təhsil sahəsində əlaqələrin əhəmiyyətini vurğulayıb.

     ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov Azərbaycanda dənizçilik təhsilinin tarixindən, Dəniz Akademiyasının 1996-cı ildə Ümumilli Lider Heydər Əliyevin birbaşa tövsiyəsi ilə yaradılmasından, Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlardan ətraflı söhbət açıb. Bildirib ki, ADDA, diplomları beynəlxalq miqyasda tanınan, Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə cavab verən ali dənizçilik təhsili müəssisəsidir. Akademiyanın  tabeçiliyində olduğu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) tələbələrin nəzəri hazırlığı ilə yanaşı, praktiki vərdişlərə yüksək səviyyədə yiyələnmələri üçün tədris gəmisi ayırıb. Bununla yanaşı, bütün tələbələr öz istehsalat və üzmə təcrübələrini ixtisasdan aslı olaraq ASCO-nun donanmalarında və gəmi təmiri zavodlarında, habelə müxtəlif yerli və xarici şirkətlərin gəmilərində keçirlər.

       İNHA universtetinin tədris işləri üzrə prorektoru Keeyoung Choi Azərbaycanda indiyə qədər bir neçə dəfə səfərdə olduqlarını, bu dəfə Azərbaycan Dövlət Dəniz Akademiyası ilə tanışlıqdan çox məmnun qaldıqlarını söyləyib. O, 70 min tələbəsi olan İNHA universtetində ayrıca dənizçilik fakültəsinin fəaliyyət göstərdiyini qeyd edərək, Koreyada dənizçilik təhsilinin təşkilindən danışıb. Söhbət zamanı iki təhsil ocağı arasında daha sıx əlaqələrin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

      Sonra qonaqlar Akademiyanın müasir tədris, trenajor və laborotoriya otaqları ilə tanış olublar, onları maraqlandıran suallarla müəllim və tələbələrə müraciət ediblər.