- XƏBƏRLƏR -
2113 Arxiv
Şəhidlik zirvəsinə ucalan ADDA məzunları daim qəlbimizdədir
2023.04.28 18:16

“Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan ADDA məzunlarının xatirəsini daim uca tuturlar.

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik olmuş ADDA məzunları  Novruzov Allahverdi Bəhram oğlu, Qədirbəyli İnqilab Tofiq oğlu və İmanov Bayrı Mirzə oğlunun əziz xatirəsi Salyan rayonunda öncə yaşadıqları evdə, sonra onların məzarı önündə yad edilib, ailə üzvləri və yaxınları ilə birlikdə qəhrəmanlarımızın məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Xatirə günündə şəhidlərimizin akademiyadakı tələbəlik illərindən, döyüş yolu və vətənpərvərliklərindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri igidliklərdən danışılıb. Bildirilib ki, dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək və şəhidlərimizin xatirəsini əziz tutmaq hər kəsin vətəndaşlıq borcudur.

ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin və Həmkarlar Təşkilatının nümayəndələri şəhid ailələrinin gündəlik qayğıları ilə də maraqlanıb, onlara ADDA ailəsi adından zəruri bayram ərzaqlarından ibarət sovqat təqdim ediblər.

Cəsur əsgər Allahverdi Novruzov Azərbaycan Dövlət Dəniz Akademiyasının "Dəniz naviqasiyası mühəndisliyi" ixtisasında təhsil alıb. 2017-ci ildə ordu sıralarına yollanıb. Müddətli həqiqi hərbi xidmət zamanı kəşfiyyatçı bacarığına yiyələnib. Xalqımızın igid oğlu Allahverdi Novruzov müharibənin ilk günündən Vətən uğrunda döyüşüb və savaşın üçüncü günü şəhadətə ucalıb.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə ölkə rəhbəri cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

İgid əsgər İnqilab Qədirbəyli 2012-2016-cı illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında "Menecment"' ixtisasına yiyələnib. 2016-2017-d illərdə həqiqi hərbi xidmətini Füzulidə keçib. 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü cəbhəyə gedib. Bütün müharibə boyu döyüşlərdə olub. Şuşa ətrafında gedən döyüşlərdə özünün də mühasirəyə düşmək təhlükəsinə baxmayaraq, 2 yaralı hərbçi yoldaşını döyüş meydanından çıxarıb. Ermənistanın təslimçilik aktına qol çəkməsinə saatlar qalmış - 2020-ci il noyabrın 9-da düşmənin Şuşaya atdığı raket nəticəsində başından qəlpə yarası alaraq şəhid olub.

Cəsur döyüşçü İnqilab Qədirbəyli ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəhrəman döyüşçü İmanov Bayrı 2018-ci ildə ADDA-nı "Elektrik mühəndisliyi" ixtisası üzrə bitirib. Sonra müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına çağırılıb və snayper kimi xidmət edib. Tərxis olunduqdan sonra bir müddət Bakıda işləyib. 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Hadrut, Xocavənd, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibənin sonuna yaxın Şuşanın bir addımlığında raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

İgid döyüşçü Bayrı İmanov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib