- XƏBƏRLƏR -
2161 Arxiv
Ulu Öndərin xatirəsinə həsr olunmuş elmi-texniki konfrans
2023.04.10 16:14

Müasir Azərbaycan dövlətinin banisi və qurucusu, Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı, unudulmaz tarixdir. "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır", - söyləyən Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb, dünya dövlətləri sırasında özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib.

Aprelin 6-da Azərbaycan Dövlət Dəniz Akademiyasında Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Dəniz nəqliyyatının İnkişaf prespektivləri” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların elmi-texniki konfransının açılış mərasimi keçirilib. Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Heydər Əliyevin istər ölkəmizin dəniz nəqliyyatının, istərsə də Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Məhz bu dahi şəxsiyyətin sayəsində Azərbaycan gəmiçiliyi qorunub saxlanıb və ildən-ilə inkişaf etdirilib.

Azərbaycanda ilk dəfə hakimiyyətə gələndən sonra Xəzərdə yükdaşımalarda baş verən canlanmadan danışan V. Sadıqov onu da qeyd edib ki, məhz Ulu Öndərin təkidi ilə o vaxtlar bir çox yeni tanker və quru yük gəmilərinin tikintisinə başlandı, 80-ci illərin ortalarında bu nəqliyyat vasitələri Azərbaycana gətirildi. 1995-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının üzvü seçildi. Heydər Əliyev çox gözəl başa düşürdü ki, dünya sularında üzmək üçün dənizçilərimizə beynəlxalq səviyyədə tanınan diplom və sertifkat lazımdır. Həmin dövrə qədər ölkəmizdə ali təhsilli dənizçi kadrlar yetişdirən təhsil ocağı yox idi. Məhz Ulu Öndərin tövsiyəsindən sonra 1996-cı ildə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Hazırda akademiyanın verdiyi diplomların dünyanın 170-dən çox ölkəsində tanındığını vurğulayan V.Sadıqov bunun Ümummilli Liderimizin uzaqgörən siyasətinin bəhrəsi olduğunu söyləyərək çıxış üçün sözü ADDA-nın qonağı, Ankara Qazi Universitetinin professoru Cengiz Taplamacıoğluna verdi.

Türkiyəli qonaq iki qardaş ölkə arasında elm və təhsil sahəsində əlaqələrdən, bu əməkdaşlığın möhkəmlənməsində Ulu Öndərin xidmətlərindən, birgə elmi layihələrin perspektivlərindən ətraflı söhbət açıb.

          ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Nəsir Hüseynov çıxışında 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətinə toxunaraq, Ümummilli liderimizin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edib. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasəti Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyini qürur hissi ilə dilə gətirən N.Hüseynov deyib ki, milli qurtuluşdan başlanan zəfər yolu xalqımızı tarixi qələbə gününə qədər aparıb. Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Artıq 3-cü ildir ki, müstəqil Azərbaycan zəfər bayramının sevincinə bürünüb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun, xalqımızın sarsılmaz birliyinin və vəhdətinin nəticəsi olaraq doğma Qarabağımız düşmən işğalından azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. “Mən özüm də qürür hissi ilə bildirə bilərəm ki, 44 günlük Vətən müharibəsi iştirakçısı olaraq Vətən qarşısındakı borcumu yerinə yetirmişəm”.

          N.Hüseynov iştirakçıların diqqətinə çatdırıb ki, elmi-texniki konfransa ümumilikdə 7 bölmədə 106 məruzə təqdim edilib. Ən yaxşı məruzə materiallarının “Tezislər toplusu”nda çap edilməsi nəzərdə tutulur. 

         Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini bölmələrdə davam etdirib.

Konfransa aprelin 7-də yekun vurulub.