- XƏBƏRLƏR -
3244 Arxiv
ADDA-da II kursda təhsil alan əcnəbi tələbələr “Sabit Orucov” gəmisində təcrübə keçəcəklər
2023.02.13 12:47

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO)  Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Qazaxıstanın Yessenov Universiteti arasında “İkili diplom tədrisi” haqqında imzalanan müqaviləyə əsasən ADDA-da II kursda təhsil alan qazaxıstanlı tələbələrin təcrübəsi başlayıb.

ASCO-nun Xəzər Dəniz Neft Donanmasına məxsus “Sabit Orucov” sərnişin gəmisində keçirilən təcrübədə ümumilikdə 8 tələbə iştirak edir. Onlardan 4-ü Gəmi energetik qurğularının istismarı mühəndisliyi, 4-ü Dəniz naviqasiya mühəndisliyi ixtisasında təhsil alırlar.

Tələbələr 6 may 2023-cü il tarixinədək təcrübədə olacaqlar.

Təcrübədən öncə XDND-nin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşları əcnəbi tələbələr üçün “Giriş təlimatı” keçiriblər. Tələbələrə bütün dənizçilər üçün gəmidə təhlükəsizlik üzrə ilkin tanışlıq və təlimat, sürətli olmayan xilasetmə qayıq və sallar üzrə mütəxəssis, əmniyyətli idarəetmə haqqında beynəlxalq məcəllə, gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat serftifikatlarının verilməsi və beynəlxalq normativ hüquq aktlarının analiz edilməsi barədə məlumatlar təqdim olunub.  Həmçinin, onlar gəmidə baş verə biləcək mümkün qəza halları, xilasedici vasitələrin növləri, xilasedici qayıqlar və sallarda olan avadanlıqlar, qəza zamanı gəminin tərk edilməsi zamanı görülən tədbirlər, dənizdə qəza vəziyyətində qalanları aşkarlamaq üçün istifadə edilən avadanlıqlar və s ilə tanışlıq imkanı əldə ediblər. Təlimatda onlara yanğından mühafizə tədbirləri, yanğından mühafizə avadanlıqlarının növləri, onların gəmidə yerləşdirilməsi kimi məsələlər də izah olunub.