- XƏBƏRLƏR -
2567 Arxiv
ADDA-da qış imtahan sessiyası
2022.12.30 10:55

Dekabrın 30-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayır.

İmtahan sessiyasının təşkili ADDA-nın Elmi Şurasının müvafiq qərarı əsasında iki mərhələdə aparılacaq. 30 dekabr 2022-ci il - 26 yanvar 2023-cü il tarixlərində imtahan sessiyasının 1-ci mərhələsi keçiriləcək. 27 yanvar – 2 fevral tarixlərində isə payız imtahan sessiyasında üzrlü səbəbdən iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan, əlavə kəsir qruplarına daxil olan və əvvəlki tədris illərinin müvafiq semestrindən akademik borcu olub fənni təkrar dinləmədən yenidən imtahana buraxılan (25% ödənişlə) tələbələr üçün 2-ci mərhələ keçiriləcək.

Hazırki imtahan sessiyasında bütün imtahanlar Elektron Akademiya üzərindən aparılır.

Elmi Şuranın qərarına əsasən, “Fəlsəfə”, “Dəniz hüququ”, “Dəniz nəqliyyatının iqtisadiyyatı”, “Politologiya”, “Mülki müdafiə” və “Beynəlxalq konvensiyalar” fənləri üzrə imtahanlar sistemdaxili test formasında olacaq. 

Buraxılış qrupları üçün payız semestrinin imtahan sessiyasında Yekun Dövlət Attestasiyasına (YDA) daxil edilmiş “Gəmi energetik qurğularının texniki istismarı”, “Gəmilərin toqquşmasının qarşısının alınması beynəlxalq qaydaları”, “Gəmi avtomatlaşdırılmış elektrik intiqalı”, “Gəmilərin layihələndirilməsi” fənləri  üzrə imtahanlar yazılı-şifahi formada aparılacaq.

Digər fənlər üzrə imtahanlar yazılı formada keçiriləcək.