- XƏBƏRLƏR -
2747 Arxiv
Beynəlxalq elmi-texniki konfrans
2022.11.21 15:06

17-18 noyabr 2022-ci il tarixlərində Azərbaycan Dövlət Dəniz Akademiyasında “Şuşa ilinə həsr olunmuş “Elektroenergetikanın müasir problemləri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçirilib. Konfransın plenar iclasını giriş sözü ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov açaraq konfrans iştirakçılarına uğurlar arzulayıb. V.Sadıqov Qarabağın tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əziz məkan olduğunu qeyd edib, müzəffər Azərbaycan ordusunun Şuşa zəfərindən söz açıb. Eyni zamanda bildirib ki, builki konfrans əvvəlki illərdə təşkil olunan ənənəvi konfranslardan formatına və miqyasına görə fərqlənir. Dünyada geniş yayılan COVID-19 pandemiyasına görə konfrans online (Zoom platformasında) təşkil edilib. Sonra V.Sadıqov çıxış üçün sözü Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimova  verib.

Plenar iclasda akademik Arif Həşimov “Qeyri-səlis məntiq əsasında şuntlayıcı reaktorların idarə edilməsi alqoritmləri” mövzusunda məruzə edib.

Ankara Qazi Universitetinin professoru, dr. Cengiz Taplamacıoğlu konfrans iştirakçılarını salamlayaraq, “Fuel cell application for feeding partial loads of emergency generator in a ship electrical system” mövzusunda geniş məruzəsini təqdim edib.

Sonra Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent Elşən Sultanov konfrans iştirakçılarını salamlayaraq konfransın əhəmiyyəti, müasir elektroenergetikanın hədəfləri, yenilikləri, bu istiqamətdə olan aktual problemləri və inkişaf perespektivləri barədə danışıb. Elşən Sultanov “Gəmi göyərtə mexanizmlərinin elektrik intiqallarının müasir  problemləri” mövzusunda məruzəsini təqdim edib.

Beynəlxalq elmi-texniki konfrans öz işini 3 bölmədə - Texniki elmlər, Yaşil enerji texnologiyaları, Fundamental və humanitar elmlər  bölmələrində davam etdirərək 2 gün ərzində öz işini sona çatdırıb.

Beynəlxalq konfransa Azərbaycanın ayrı-ayrı təhsil müəsissələri ilə yanaşı Türkiyə, Çexiya, Ukrayna və Rusiyadan olan alimlər elmi məqalələr təqdim ediblər. O cümlədən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Univerisiteti,  Azərbaycan Dövlət Neft və Sənaye Univerisiteti, Sumqayıt Dövlət Univerisiteti, Mingəçevir Dövlət Univerisiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Heydər Əliyev adına Hərbi İnstitut, CBM Engineering MMC, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Milli Aerokosmik Agentliyi Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti kimi təhsil və elm müəssisələri, qurumlar beynəlxalq konfransda təmsil olunublar.

Noyabrın 18-də online olaraq konfransın nəticələrinin ümumi müzakirəsi, təkliflərin işlənib hazirlanması və bağlanması üzrə konfransın bölmələri üzrə yekun iclas keçirilib. Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov qeyd edib ki, təqdim olunan materiallar araşdırmalardan sonra Akademiyanın məruzə materialları toplusunda və beynəlxalq nüfuzlu jurnallarda dərc ediləcək. Konfrans maraqlı elmi müzakirələrin aparılması və məruzələrlə işini başa çatdırıb.